“Mina təhlükəsizliyi səbəbi ilə Qarabağda insanların həyatlarının təhlükə altında olduğunu, dağıntıların miqyasını görmək və Azərbaycan xalqı ilə ünsiyyətə olmaq mənə həqiqətən bu münaqişənin nə qədər ciddi olduğunu başa düşməyə köməklik etdi”.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Azərbaycanın işğaldan azad edilən ərazilərindən yenicə səfərdən dönən amerikalı jurnalist, Vaşinqtonda “BBC”, “CNN” və “Əl Cəzirə” kimi kanallarda ABŞ siyasəti və beynəlxalq məsələlərlə bağlı müntəzəm olaraq siyasi şərhçi kimi aktiv fəaliyyət göstərən Kalvin Dark deyib.
Səfərlə bağlı təəssüratlarını bölüşən amerikalı jurnalist bildirib ki, münaqişə ilə bağlı Amerikadan görünən mənzərə fərqlidir:
Dağıntıların miqyası məni şoka saldı

“Amerikada Ermənistan və Azərbaycan arasında uzun illər davam edən konflikt barəsində mütəmadi olaraq oxusanız, çoxsaylı xəbərlər izləsəniz belə həqiqəti görmək çox çətindir. Orada, videolarda və xəbərlərdə oxuduqlarımı deyil, münaqişənin tamamilə fərqli üzünü gördüm. Qarabağa səfər etmək baş verənləri daha dəqiq anlamağa kömək etdi. Biz bölgədə olduğumuz zaman işğaldan azad olunmuş əraziləri başdan-başa gəzmək və baş verənləri yaxından izləmək bizə konfliktlə bağlı nəzəri deyil, praktik düşünməyə kömək etdi.
Münaqişə ilə bağlı Amerikadan görünən mənzərə fərqlidir
Dağıntıların miqyası məni şoka saldı və vəziyyətin bu qədər acınacaqlı olduğunu düşünmürdüm. Ən əhəmiyyətlisi isə bu konfliktdə sülhün vacibliyini və münaqişənin sülh yolu ilə həllinin nə qədər vacib olduğunu daha dərindən anladım. Qarabağda baş verənlər dünyanın heç bir yerində yaşanmamalıdır".

Jurnalist Gəncə şəhərinə səfəri zamanı qarşılaşdığı mənzərədən dərin kədər hissi keçirdiyini deyib: “Gəncə şəhərində Ermənistanın gecə yarısı günahsız insanları raket bombası ilə hədəf aldığı ərazini ziyarət etdiyimiz zaman orada yaşananların olduğu kimi saxlanılması məni çox təsirləndirdi. Darmadağın olan evlərin və ərazinin olduğu kimi mühafizə olunması insana baş verənləri daha təmiz görməyə və hiss etməyə kömək edir. Dağıntının sahəsi hadisənin nə qədər dəhşətli olduğunu ortaya qoyur.
Səbəb nə olursa olsun mülkü şəxslər hədəf seçilməməlidir
Düşünürəm ki, səbəb nə olursa olsun mülkü şəxslər hədəf seçilməməlidir, qurban olaraq görülməməlidir. Xüsusilə, raketlərin düşdüyü evlərin içində əmələ gələn nəhəng boşluqları, ətrafa səpələnmiş uşaq oyuncaqlarını gördüyüm zaman həqiqətən Ermənistanın niyə həmin ərazini hədəf olaraq seçdiyinə əsla anlam verə bilmədim və düşündüm ki, münaqişənin ortasında belə bu hadisə əsla olmamalı idi.
Orada öldürülən insanların, xüsusən də uşaqların heç bir günahı yox idi. Onlar hədəfə alınıblar. Bunu söyləmək sadəcə bir xatırlatmadır ki, bu addım beynəlxalq hüquqa ziddir və qəbulolunmazdır”.
Minalarla bağlı hər hansı bir insan itkisi dəhşətlidir
Dünyanın bir çox yerlərində münaqişə bölgələrini ziyarət edən K. Dark Ermənistanın mina xəritələrinin Azərbaycana təhvil verməsinin vacibliyinə diqqət çəkib:
“Qarabağa səfərdə ilk dəfə idi ki, mən minaların zərərsizləşdirilməsi prosesini yaxından izlədim. Bir tərəfdən bu prosesin nə qədər təhlükəli olduğunu, digər tərəfdən isə bölgənin ermənilər tərəfindən basdırılmış minalardan təmizlənməsinin vacib olduğunu düşündüm. Gördüklərim çox təsirli idi və bu minalarla bağlı hər hansı bir insan itkisi dəhşətlidir. Hesab edirəm ki, nə olursa olsun mina xəritələri verilməlidir. Azərbaycan rəsmiləri Ermənistanda mina xəritələrinin olduğunu deyir və bölgədə mina təhlükəsizliyinin bərpası üçün Ermənistanın həmin xəritələri Azərbaycan tərəfinə verməsi vacibdir.

Minalar səbəbi ilə Qarabağda yaşayan və ora gələcək insanların həyatı təhlükədədir. Bölgədəki vəziyyət insanların həyatını təhdid edir. Azərbaycan dövlətinin rəsmiləri bölgənin minalardan təmizlənməsinin uzun illər çəkəcəyini deyir. Dövlət rəsmiləri və yerli xalqla söhbətlərimdən yola çıxaraq onu deyə bilərəm ki, təcili olaraq bölgədə qalıcı sülh inşa edilməlidir.
Təcili sülh razılaşması vacibdir
Bunun bir qədər mürəkkəb məsələ olduğunun və hər iki tərəfin bir çox mövzularda ortaq razılıqlara gəlməsinin tələb olunduğunun fərqindəyəm. Hər bir münaqişə fərqlidir, ancaq orada mənim diqqətimi çəkən əsas məqam ondan ibarət oldu ki, müharibə bitsə də, bölgə aktiv vəziyyətə malikdir. Azərbaycan və Ermənistan arasında baş verən münaqişədə xüsusi ilə, mülki insanların hədəfdə olması münaqişənin ciddiliyini artırır. Ona görə də, mən hesab edirəm ki, təcili sülh razılaşması vacibdir”.

Bölgədə davam edən yenidənqurma işlərindən də söz açan K.Dark deyir ki, prosesin sürətlənməsi və xalqın öz yurd-yuvalarına qayıtması üçün mina probleminin sürətli həlli vacibdir: “Biz bölgədə davam edən yenidənqurma işləri ilə də tanış olduq. Prosesin sürətləndirilməsi üçün tərəflər öz öhdəliklərinə əməl etməli, mina xəritələri əldə olunmalı, ən əsası insanları təhlükəsizliyi təmin olunmalıdır”.






