Azərbaycanda BMT75 təşəbbüsünə start verilib

Azərbaycanda BMT75 təşəbbüsünə start verilib BMT-nin Bakıdakı nümayəndəliyi ADA Universiteti ilə birlikdə dünyanın gələcəyinə dair ən böyük qlobal müzakirə olan BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir təşkil edib.
Xarici siyasət
28 Fevral , 2020 16:17
Azərbaycanda BMT75 təşəbbüsünə start verilib

BMT-nin Bakıdakı nümayəndəliyi ADA Universiteti ilə birlikdə dünyanın gələcəyinə dair ən böyük qlobal müzakirə olan BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir təşkil edib.

“Report” xəbər verir ki, tədbirdə 80-ə yaxın dövlət rəsmisi, diplomat, vətəndaş cəmiyyəti və gənclər təşkilatlarının nümayəndəsi, eləcə də akademik dairələr və kütləvi informasiya vasitələrinin təmsilçisi iştirak edib.

BMT75 dialoqları “Bir dəqiqəlik Sorğu” ilə birlikdə milli və beynəlxalq siyasət və müzakirələrə töhfə vermək üçün səhih məlumatlar əldə etməyə imkan yaradacaq. Formalaşmış fikir və ideyalar dünya liderləri və BMT-nin yüksək rütbəli rəsmilərinə bu il sentyabrın 21-də BMT-nin 75 illik yubileyi münasibətilə keçiriləcək yüksək səviyyəli tədbir zamanı təqdim ediləcək.

“BMT75 sadəcə yubiley münasibətilə keçirilən bayram tədbiri olmayacaq. Bu, BMT-nin qorxu və münaqişələrdən azad dünya vədinin daha yaxşı həyata keçirməsini təmin etmək üçün sizinlə birgə işləmək, habelə müxtəlif strategiya və təkliflərinizi dinləmək ili olacaq”, - BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai bildirib.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə isə Universitetin Azərbaycanda BMT75 dialoqlarının başlamasına ev sahibliyi etməkdən məmnunluq duyduğunu söyləyib: “İnanıram ki, bu dialoqlar milli perspektivlərimizi beynəlxalq auditoriya ilə bölüşmək, eləcə də beynəlxalq əməkdaşlıq və çoxtərəflilik prinsipinin gələcəyini müzakirə etmək üçün fürsət olacaq”.

Panel müzakirələri zamanı iştirakçılar BMT75 təşəbbüsünün il ərzində müzakirə edəcəyi üç əsas sual – “Hansı gələcəyi qurmaq istəyirik?”, “Biz düzgün yoldayıqmı?” və “Boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq?” ətrafında fikir mübadiləsi aparıb. Görüşdə həmçinin gələcək nəsillər üçün daha yaxşı dünyanın qurulmasında hökümətlər, bizneslər və vətəndaş cəmiyyəti təşkilatlarının rolu və vəzifələri müzakirə edilib.

Bu müzakirələr vasitəsi ilə BMT 100 illik yubileyini qeyd edəcəyi 2045-ci il üçün qlobal baxışı formalaşdırmağa, gələcəyə dair təhdidlərə dair məlumatlılığı artırmağa və bu baxışın həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə çalışır.

Son xəbərlər

Orphus sistemi