Azərbaycan XİN İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılmasını qətiyyətlə pisləyib

Azərbaycan XİN İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılmasını qətiyyətlə pisləyib "Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılmasını qətiyyətlə pisləyirik".
Xarici siyasət
26 Aprel , 2023 09:54
Azərbaycan XİN İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılmasını qətiyyətlə pisləyib

"Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılmasını qətiyyətlə pisləyirik".

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanda "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılması ilə əlaqədar bəyanatında əksini tapıb. 

"Bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır.

Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı, Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər.

Hər kəsə bəllidir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində irəlilədilən terrorçuluq, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb.

Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur. Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, Ermənistanda Nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi və “Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir.

Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır.

Erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır.

Ermənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur.

Qeyd edək ki, sülh və barışığa aparan yol сinayət və səhvlərin daha çox tərənnüm edilməsindən deyil, bunların etiraf olunmasından keçir", - nazirlikdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi