Yuxarı

​Azərbaycan XİN rəhbəri Gürcüstan prezidenti ilə görüşüb

Görüşdə Azərbaycan və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olunub

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən "Report"a məlumat verilib.

Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə çatdırıb.

Prezident Giorgi Marqvelaşvili də səmimi salamlarının və ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Prezident Giorgi Marqvelaşvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin region üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. İkitərəfli formatda olduğu kimi iki ölkənin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üçtərəfli çərçivədə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

Elmar Məmmədyarov həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin iki ölkənin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və regional çiçəklənməyə xidmət etdiyini bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin iki ölkənin regional mövqeyinin güclənməsinə töhfə verdiyini deyən Elmar Məmmədyarov bu layihəyə Orta Asiya dövlətlərinin də ciddi maraq göstərdiyini diqqətə çatdırıb.

O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi