Yuxarı

​Azərbaycan XİN başçısı: "Türkiyədə törədilən terror aktlarını qətiyyətlə pisləyirik"

Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və soyqırımı kimi insanlıq əleyhinə ağır cinayətlərlə müşayiət olunur

Bakı. 28 avqust. REPORT.AZ/ "Biz Türkiyə Respublikasında törədilən terror aktlarını qətiyyətlə pisləyir və ona qarşı mübarizədə qardaş türk dövlətinin yanındayıq. Şəhid olmuş qardaş və bacılarımıza Allahdan rəhmət, yaxınlarına baş sağlığı diləyirəm".

XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 28-də Antalyada Azərbaycan, Türkiyə və Türkmənistanın xarici siyasət idarələrinin rəhbərlərinin üçtərəfli görüşündə çıxışı zamanı bildirib.

"Bu gün qardaş ölkələr olan Azərbaycan-Türkiyə-Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünə ev sahibliyi etdiyinə üçün Türkiyə dövlətinə, görüşün yüksək səviyyədə təşkili və bizə göstərilən qonaqpərvərliyə görə dəyərli qardaşım Mövlud Çavuşoğluna təşəkkürümü bildirirəm.

Xüsusilə qeyd etmək istərdim ki, terror, ekstremizm və aqressiv separatçılıqla müşayiət olunan mövcud təhlükəli çağırışların qarşısının alınması, dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsi və regionda dinamik inkişaf üçün münbit şəraitin təmini naminə təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi zəruridir. Azərbaycan üçün regional təhlükəsizlik, terrorçuluqla mübarizə və enerji təhlükəsizliyinin təmin olunması xarici siyasətin prioritet sahələri sırasındadır.

Regionda sülh və sabitliyin qorunması üçün dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etməsi, o cümlədən təcavüz siyasətindən çəkinməsi əsas amildir. Bununla belə, regiondakı sülhə və inkişafa ciddi maneələr də mövcuddur. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması regionda sülhə, əmin-amanlığa ən böyük təhdid, o cümlədən regional əməkdaşlığın inkişafına da ciddi maneədir. 20 ildən artıqdır Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri Ermənistanın işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq təşkilatlar, ilk növbədə, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə işğalçı silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb olunsa da, Ermənistan buna məhəl qoymur. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və soyqırımı kimi insanlıq əleyhinə ağır cinayətlərlə müşayiət olunmuş işğalçılıq siyasəti onu bütün regional inkişaf proseslərindən kənarda qoyub".

Nazir deyib ki, Azərbaycan-Türkiyə-Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradıb. Bundan irəli gələrək ölkələrimizin iştirakı ilə regionda bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir:

"Son illərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin döyüş hazırlığının və bacarığının artırılması, o cümlədən qarşılıqlı fəaliyyətin təşkilini nəzərdə tutan birgə hərbi təlimləri intensiv hal alıb.

Azərbaycan geostrateji mövqeyə malik olmaqla, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Bu da qarşılıqlı səmərəli əməkdaşlıq qurmaq üçün geniş imkanlar yaradır. Bundan irəli gələrək bu gün uğurla həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi ilə başlayaraq Azərbaycan regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuş, TANAP və TAP layihələrini ana xəttləri olduğu “Cənub Qaz Dəhlizi”, habelə Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin həyata keçirilməsi ilə Avrasiya qitəsinin mühüm regionları arasında əlaqə yaradır.

“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollardır. “Cənub Qaz Dəhlizinin” vacibliyi, ondan ibarətdir ki, Avropa yeni alternativ mənbədən davamlı şəkildə əhəmiyyətli qaz həcmləri ilə təchiz olunacaq.

Məlum olduğu kimi, dünya iqtisadiyyatının qloballaşması dövründə nəqliyyat sahəsinin rolu artmaqdadır. Müxtəlif mənbələrə istinadən il ərzində Çindən Avropaya daşınan məhsulların ümumi həcmi 180 milyon tondan artıqdır və 2020-ci ilə bu rəqəmin 240 milyona çatacağı proqnozlaşdırılır. Asiyadan Avropaya daşınan yüklərin həcminin artım templərini nəzərə alaraq, həmin yüklərin qısa vaxt müddətində çatdırılması məsələsi gündəmə çıxır. Bu baxımdan Şərq-Qərb nəqliyyat dəhlizi coğrafi yerləşməsi, multimodal nəqliyyat infrastrukturunun mövcudluğu və iqtisadi səmərəliliyi baxımından digər dəhlizlərlə müqayisədə cəlb edicidir. İstifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərin birinə çevrilərək layihədə iştirak edən ölkələrin inkişafına müsbət töhfə verəcək.

Eyni zamanda, regional formatda qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsi vacibdir. Burada informasiya-kommunikasiyaları texnologiyaları, bərpa olunan enerji, orta və kiçik sahibkarlıq kimi sahələri qeyd etmək olar".

Elmar Məmmədyarov vurğulayıb ki, iki ölkə arasında humanitar sahədə üçtərəfli əməkdaşlıq imkanları da əsas müzakirə obyektidir: 

"Belə ki, ortaq dəyərlərimiz və maraqlarımız bu istiqamətdə əməkdaşlığı qaçılmaz edir. Bu sahədə də imzalanmış Çərçivə Proqramından yol alaraq əməkdaşlığı inkişaf etdirmək gündəlikdə duran məsələlərdəndir.

Hər üç ölkənin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə ortaq mədəniyyət günlərinin təşkili, ali təhsil müəssisələri, gənclər və idman təşkilatları arasında birbaşa əlaqələrin yaradılması və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi humanitar sahədə əməkdaşlığın inkişafı üçün stimul yaradır. Turizm sahəsində müştərək fəaliyyətin və əməkdaşlığın gücləndirilməsi, xüsusilə investisiya imkanlarının öyrənilməsi və təcrübə mübadiləsi məqsədilə dövlət qurumlarının və turizm şirkətlərinin nümayəndələrinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi, birgə seminar, tur və tədris kurslarının təşkilinin də faydalı olacağına inanıram.

Yuxarıda qeyd edilən sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsində müxtəlif səviyyələrdə mütəmadi təmasların davam etdirilməsinin faydalı olduğunu düşünürəm. Bu görüşlərə həmçinin iş və elm adamlarının da dəvət edilməsi mümkündür.

Həmçinin 29 yanvar 2015-ci il tarixində Aşqabad şəhərində imzalanmış “2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının Çərçivə Proqramı”nın icrası ilə bağlı görülmüş işləri qiymətləndirmək məqsədilə birgə işçi qrupunun yaradılmasını və ya milli koordinatorların təyin edilməsini təklif edirəm.

Əminəm ki, bu formatda görüşlərimiz dövlətlərimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə yanaşı, regionumuzda sülh, əmin-amanlıq və davamlı inkişafın təmin olunmasına da öz töhfəsini verəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi