Yuxarı

​Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü Batumidə geniş qeyd olunub – FOTO

Ölkəmizin Batumidəki Baş konsulluğu mayın 30-da bu münasibətlə mərasim keçirib

Batumi. 31 may. REPORT.AZ\ Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 98-ci ildönümü Batumidə də geniş qeyd olunub.

"Report" xəbər verir ki, ölkəmizin Batumidəki Baş konsulluğu mayın 30-da bu münasibətlə mərasim keçirib.

Mərasimdə Acarıstan Muxtar Respublikasının (MR) dövlət və hökumət üzvləri, İranın, Türkiyənin Batumidəki konsulluqlarının əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin təmsilçiləri, tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Baş konsul Rəşad İsmayılov çıxış edərək AXC-nin yaranma zərurəti, tarixi əhəmiyyəti və süqutunun səbəbləri barədə ətraflı məlumat verib. Bildirib ki, AXC-nin yaranması xalqımız, eləcə də dünya ictimaiyyəti üçün mühüm tarixi əhəmiyyətə malikdir. Əsrlər boyu müstəqillik uğrunda mübarizə aparan xalqımız müstəqil dövlət qurmuşdu. Beynəlxalq əhəmiyyəti isə ondan ibarətdir ki, dünya tarixində müsəlman şərqində ilk demokratik respublika yaranmışdır.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Xalqımız müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında xalq cümhuriyyətinin ənənələri əsasında müasir Azərbaycan dövlətini yaratdı. AXC-dən fərqli olaraq, müasir Azərbaycan dövləti öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı.

Baş konsul deyib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi müstəqil dövlətçiliyimizə böyük zərbələr vurub. Buna baxmayaraq, biz, dövlətçilik ənənələrimizi qoruyub saxladıq, inkişaf etdirdik. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla davam etdirilir.

Diplomat xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafından söz açıb, müstəqilliyimizin bərpasından sonra münasibətlərimizin yeni müstəvidə daha da möhkəmləndiyini vurğulayıb.

Acarıstan MR-in səhiyyə naziri Nuqzar Surmanidze çıxış edərək Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xalqlarımız arasındakı dostluq münasibətlərindən danışıb.

Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədr müavini Mayak Neymətov çıxışında Azərbaycan və gürcü xalqlarının müstəqillik mübarizəsindən, oxşar talelərindən söz açıb. Müstəqil Azərbaycanın qazandığı uğurlara gürcülərin də sevindiyini vurğulayıb.

Sonra müstəqil Azərbaycanın dövlətçilik tarixindən bəhs edən sənədli film nümayiş etdirilib.

Sonda Azərbaycan, gürcü və acar xalqları arasında dostluq əlaqələrinin inkişafında fərqlənən bir qrup ziyalıya Baş konsulluğun fəxri fərmanları təqdim olunub.

Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi