Bakı. 28 fevral. REPORT.AZ/ "Henley&Partners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini nümayiş etdirən pasport reytinqini dərc edib.
"Report" xəbər verir ki, bu reytinqdə 75-ci yeri tutan Azərbaycan pasportu 63 ölkəyə vizasız səfər etmək hüququ verir.
Reytinqdə 45-ci olan Rusiya pasportu 114 ölkəyə vizasız səfər etmək hüququ verir. Türkiyə 110 reytinqlə (vizasız səfərin mümkün olduğu ölkələrin sayı) 49-cu, Gürcüstan 100 reytinqlə 54-cü, Ermənistan 59 reytinqlə 78-ci, İran 38 reytinqlə 98-ci pillədə qərarlaşıb.
Bu ildə reytinqin liderləri Yaponiya və Sinqapur olub. Bu ölkələrin vətəndaşları viza almadan 180 ölkəni ziyarət edə bilirlər.
2014-cü ildən bu göstəricidə birinci sırada qərarlaşmış Almaniya pasportu ilə indi 179 ölkəyə vizasız səfər etmək mümkündür.
Siyahıda üçüncü yeri 7 ölkə bölüşüb. Bunlar vətəndaşlarının vizasız 178 ölkəyə giriş hüququ olan İtaliya, Finlandiya, İspaniya, Danimarka, Fransa, İsveç və Cənubi Koreyadır.
Daha əvvəl viza məhdudiyyətlər indeksi kimi tanınan pasport indeksi 2006-cı ildən etibarən İsveçrənin "Henley&Partners" şirkəti tərəfindən Beynəlxalq Hava Nəqliyyat Assosiasiyası (IATA) ilə əməkdaşlıq ilə tərtib olunur.
Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkə və ərazilərin viza rejimini araşdırır və onları vizasız girişin mümkün olduğu ölkələrin sayı üzrə sıralayır.
Ölkənin reytinqdəki mövqeyi vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir.