14-17 aprel tarixlərində Azərbaycan Vəkillər Kollegiyasının sədri (AR VK) Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Hindistan VK-nın dəvəti ilə Hindistana rəsmi səfər edib.
Bu barədə “Report”a VK-dan məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçıları üçün əvvəlcə Hindistan VK-nın Prezidenti Prashant Kumarın paytaxt Nyu Dehlidə yerləşən iqamətgahında rəsmi ziyafət təşkil olunub.
Növbəti gün baş tutan konfrans “2023-cü il Nyu Dehli - "Qanunun aliliyinə dair Beynəlxalq Konvensiya”ya həsr olunub. Konfransda Beynəlxalq Vəkillər Kollegiyasının (IBA) baş katibi, Beynəlxalq Vəkillər Assosiasiyasının (UIA) vitse-prezidenti, dünyanın müxtəlif ölkələrindən vəkillər kollegiyaları və hüquq cəmiyyətlərinin rəhbərləri, habelə dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Konfransın plenar iclasında məruzəçilərdən AR VK-nın üzvü Yunis Nəsibov “Beynəlxalq Kommersiya Mübahisələrinin Həlli: İnkişaf etməkdə olan bazar və iqtisadiyyat üçün mükəmməllik mərkəzləri şəbəkəsinin problemləri və inkişaf perspektivləri” mövzusunda çıxış etmişdir. Y.Nəsibov Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi, Beynəlxalq Ticarət Palatasının (ICC) kommersiya mübahisələri, beynəlxalq kommersiya mübahisələrinin həllində AR VK-nın rolu, bu sahədə konfrans və seminarların keçirilməsi və bir sıra digər aktual məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra “Qlobal miqyasda qanunun aliliyinin təşviqində vəkillərin və onların birliklərinin rolu” mövzusunda VK-nın dəyirmi masası baş tutmuşdur. AR VK-nın sədri Anar Bağırov çıxış edərək ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən Azərbaycanda vəkillik institutunun nüfuzunun artırılması istiqamətində həyata keçirilmiş tədbirlər, habelə qanunvericiliyin təkminləşdirilməsi, ölkə başçısının bir sıra fərmanları, onların əhəmiyyəti, pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar mövcud problemlər, görülmüş işlər, qarşıda duran vəzifələr və prespektivlərlə bağlı məlumatları ilə tədbir iştirakçılarını yaxından tanış edib.
Tədbir çərçivəsində Azərbaycanın və Hindistanın vəkillər kollegiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanmış, xüsusilə Hindistanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan hindistanlıların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə təşəbbüslərə dair müddəalar memorandumda təsbit olunub.
Qeyd edək ki, hər iki qurum Asiya və Sakit Okeanı hövzəsi ölkələrinin hüquq cəmiyyətlərinin birliyinin (LAWASIA) üzvüdür.
AR VK tərəfindən Hindistan VK-nın rəhbərliyinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə və Atəşgah məbədinə həsr edilmiş əsərlər, AR VK-nın rəsmi emblemi, habelə bir sıra digər hədiyyələr təqdim edilib.
Gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə AR VK-nın sədri Anar Bağırovla Beynəlxalq Vəkillər Kollegiyaları Assosiasiyasının baş katibi və bir sıra ölkələrin Vəkillər Kollegiyalarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilmiş, təcrübə mübadiləsi, habelə LAWASIA təşkilatı çərçivəsində gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Sonda tədbir iştirakçıları üçün Hindistan VK tərəfindən Hindistanın Aqra şəhərində yerləşən, 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində “Dünyanın yeddi yeni möcüzəsi” siyahısına salınan Tac-Mahal abidəsinə səfər təşkil olunub.