Yuxarı

Ukrayna baş nazirinin müavini Bakıda keçiriləcək 3-cü dünya mədəniyyətlərarası dialoq forumunda iştirak edəcək

Səfir Eynulla Mədətli Ukrayna baş nazirinin müavini, mədəniyyət naziri Vyatçeslav Kirilenko ilə görüşüb

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfir Eynulla Mədətli bu ölkənin baş nazirinin müavini, mədəniyyət naziri Vyaçeslav Kirilenko ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Ukrayna arasında humanitar sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. 

Baş nazir müavini ölkələr arasında mədəni əlaqələrin dərin tarixə malik olduğunu, bundan sonra əməkdaşlığın daha da inkişaf etdirilməsi arzusunda olduğunu bildirib. O, Ukraynanın üzləşdiyi çətin vəziyyət barədə danışıb, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinə sadiq qalaraq, Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməsinin yüksək diqqətə layiq olduğunu qeyd edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin yanvar ayında Almaniya kansleri Angela Merkel ilə birgə mətbuat konfransı zamanı Azərbaycanın Ukrayna da daxil olmaqla bütün ölkələrin beynəlxalq qanunlarla tanınmış ərazi bütövlüyünü bir daha dəstəklədiyini də vurğulayıb.

Səfir Eynulla Mədətli 18-19 may 2015-ci il tarixində keçiriləcək 3-cü dünya mədəniyyətlərarası dialoq forumu barədə məlumat verərək, baş nazir müavininin də forumda iştiraka dəvət olunduğunu bildirib, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəvət məktubunu təqdim edib. Vyaçeslav Kirilenko dəvətə görə təşəkkürünü bildirərək məmnuniyyətlə forumda iştirak edəcəyini bildirib.

Eynulla Mədətli Azərbaycan səfirliyi tərəfindən davamlı olaraq keçirilən mədəniyyət tədbirləri, səfirlik tərəfindən Ukrayna dilində nəşr olunmuş kitablar barədə ətraflı məlumat verib, kitabların nüsxələrini, həmçinin Azərbaycan xalıları silsiləsindən mükəmməl tərtibatda hazırlanmış İrəvan xalıları kitabını baş nazir müavininə hədiyyə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi