Azərbaycan və Tacikistan xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycan və Tacikistan xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib Məktubda Azərbaycan və Tacikistan xalqları və ölkələri arasında mövcud tarixi və mədəni bağlılıqların dərin kökləri olduğu bildirilib
Xarici siyasət
13 İyun , 2017 18:50
Azərbaycan və Tacikistan xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Tacikistan xalqları və ölkələri arasında mövcud tarixi və mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağladığını bildirib.

E.Məmmədyarov Tacikistan Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyini yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərinin bundan sonra da Azərbaycan və Tacikistan xalqlarının rifahının yüksəlməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, əlaqələrin dinamik inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Elmar Məmmədyarova ünvanladığı məktubunda Azərbaycanın Milli günü – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edib, müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni səhələrdə inamla irəlilədiyini bildirib.

Həmçinin S.Aslov məktubda Azərbaycanla diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar olaraq bu ilin əhəmiyyətindən söz açaraq, bu müddət ərzində Azərbaycan və Tacikistan arasında bərabərlik və əməkdaşlıq prinsipləri üzərində ikitərəfli sıx əlaqələrin qurulmasına nail olunduğunu diqqətə çatdırıb.

S.Aslov Tacikistan və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu əlaqələrin iki dost xalqın maraqları çərçivəsində möhkəmlənəcəyinə əminliyin ifadə edib.

Son xəbərlər

Orphus sistemi