Azərbaycan və Tacikistan korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq sazişi imzalayıb - YENİLƏNİB

Azərbaycan və Tacikistan korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq sazişi imzalayıb - YENİLƏNİB Azərbaycanın Baş Prokurorluğu və Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Xarici siyasət
16 Dekabr , 2022 14:33
Azərbaycan və Tacikistan korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq sazişi imzalayıb - YENİLƏNİB

Azərbaycan və Tacikistan korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq sazişi imzalayıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan və Tacikistan prokurorluqları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistanın Baş prokuroru Yusuf Raxmonun dəvəti ilə Düşənbə şəhərində işgüzar səfərdədir. 

Baş Prokurorluqda keçirilən görüş zamanı nümayəndə heyətini salamlayan Baş prokuror Yusuf Raxmon bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.

Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək, tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrinin etibarlı əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq prinsipinə əsaslandığını vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıldı, həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Görüş zamanı 2023-2024-cü illər ərzində prokurorluqlar arasında əməkdaşlıq proqramı imzalanıb.

Səfər çərçivəsində Tacikistanın Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Maliyyə Nəzarəti Agentliyinin direktoru Süleymon Sultonzode ilə ikitərəfli görüş keçirilib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiya ilə mübarizə sahəsində qəti siyasi iradəsi nəticəsində aparılmış islahatların əhəmiyyətini vurğulayaraq, ölkəmizdə bu sahədə görülmüş tədbrilər barədə geniş məlumat verib.

Həmçinin qurumlararası əməkdaşlığın genişlənməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Görüşlərdə ölkəmizin Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov iştirak edib.

Kamran Əliyev həmçinin Tacikistanda işgüzar səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müaciblə görüşüb, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Düşənbənin Dusti meydanındakı Tacikistanın milli həmrəyliyi və dirçəlişi xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edərək önünə əklil qoyub. Baş prokuror ölkəmizin Düşənbədəki səfirliyinə gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib.

11.11

Azərbaycanın Baş Prokurorluğu və Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin Mətbuat Xidməti məlumat yayıb.

Sənədi Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Tacikistanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Sulayman Sultanzoda imzalayıblar.

Bildirilib ki, sənəd korrupsiyaya qarşı mübarizə, onun qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, gücləndirilməsi məqsədilə imzalanıb.

Görüşdə tərəflər gələcəkdə müvafiq qurumlar arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi