Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı Soçi görüşü məmnunluqla xatırlanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.