Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynlinin başçılıq etdiyi nümayəndə heyəti komissiyanın 21-ci iclasında iştirak etmək üçün iyunun 19-da Moskva şəhərinə səfər edəcək.
Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyətinə Milli Məclisin deputatları – Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Mixail Zabelin, Azər Badamov və Emin Hacıyev daxildir.
Tədbirdə Rusiya Federal Məclisi ilə Azərbaycan Milli Məclisi arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, komissiyanın iş planı, Rusiya və Azərbaycan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılacaq.
Səfər çərçivəsində Milli Məclisin deputatı Mixail Zabelin MDB ölkələrinin Beynəlxalq Parlament Forumunda da iştirak edəcək.
Səfər iyunun 21-də başa çatacaq.