Yuxarı

Azərbaycan və Latviya xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri Edqar Rinkeviçslə görüşüb

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Edqar Rinkeviçslə görüşüb. 

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Latviya arasında siyasi dialoqun və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov Avropa İttifaqına sədrlik münasibətilə Latviyanı təbrik etdi və sədrlik müddətinin uğurla başa çatdırılacağına əminliyini ifadə edib.

Elmar Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu qeyd edərək, digər sahələrdə də tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib. Nazir əlavə edib ki, Avropa İttifaqı ilə əlaqələr qarşılıqlı faydalı xarakter daşımalıdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verən Elmar Məmmədyarov digər münaqişələrdə olduğu kimi Ermənistan-Azərbaycan probleminə dair Avropa İttifaqının qəti mövqeyinin ifadə olunmasının vacibliyini vurğulayıb. Nazir Elmar Məmmədyarov deyib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi ilk növbədə Ermənistanın qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Edqar Rinkeviçs Latviyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenlik əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb.

O, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu qeyd etdi və Azərbaycan sərmayələrinin Latviyaya cəlb edilməsində maraqlı olduqlarını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi