Azərbaycan və Kosta-Rika XİN başçıları əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Kosta-Rika XİN başçıları əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər - YENİLƏNİB Kosta Rika Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib
Xarici siyasət
23 İyun , 2017 12:42
Azərbaycan və Kosta-Rika XİN başçıları əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər - YENİLƏNİB
mfa.gov.az

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirlər bu il Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, keçən dövr ərzində siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər.

E.Məmmədyarov iyun ayında Kosta Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayaraq keçirilən məhsuldar görüşlərin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. XİN başçısı həmçinin Kosta Rikaya səfəri çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələrin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Manuel Qonzales Sanz Azərbaycanda olmağından və iki ölkə arasında siyasi dialoqun və dostluğun inkişafının məmnunluq doğurduğunu nəzərə çatdırıb.

Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə ediblər. Bu xüsusda nazir Manuel Qonzales Sanz Kosta Rikanın Azərbaycana təyin olunan müvəqqəti işlər vəkilini təqdim edib.

E.Məmmədyarov Kosta Rikanın Azərbaycanda səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazirlər Azərbaycan və Kosta Rikanın bir-birlərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar. 

Nazirlər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər və bu xüsusda işgüzar dairələr arasında birbaşa təmasların təşviq edilməsinin vacibliyini vurğulayıblar. 

Manuel Qonzales Sanz Formula 1 yarışlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib və ölkəmizin bu qəbildən olan mötəbər tədbirlərin keçirildiyi məkan olduğunu deyib. 

Nazirlər həmçinin beynəlxalq aləmdə baş verən hadisələr ətrafında geniş müzakirələr aparıblar.


*** 11:50

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Kosta-Rika XİN rəhbəri Manuel Qonsales Sans ilə görüşüb.

"Report" Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş təkbətək və geniş tərkibli formatda keçirilib.

Görüşdə tərəflər Azərbaycan və Kosta-Rika arasında ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini, eləcə də bir sıra aktual beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi