Yuxarı

Azərbaycan və BƏƏ alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Səfir Daşqın Şikarov BƏƏ-nin energetika naziri ilə görüşüb

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov bu ölkənin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl Məzrui ilə görüş keçirib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə D.Şikarov Azərbaycan və BƏƏ arasında siyasi və iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu və gündən günə inkişaf etdiyini bildirib.

Səfir eyni zamanda bildirib ki, hər iki ölkə alternativ və bərpa olunan enerji sahələrinin və qeyri-neft sektorunun inkişafında maraqlıdır. Diplomat əlavə edib ki, Azərbaycanın böyük günəş və külək enerjisi potensialı var və bu potensialın rellaşdırılmasında BƏƏ-li investorların da iştirakı arzu olunandır.

Daha sonra D.Şikarov cari ilin 1-4 iyun tarixləri arasında Bakıda 23-cü Beynəlxalq Xəzər Neft-Qaz Sərgi və Konfransında iştirak etmək üçün Azərbaycan energetika naziri Natiq Əliyevin dəvətini BƏƏ-li nazirə çatdırıb.

Nazir Əl Məzrui öz növbəsində bildirib ki, ölkəsi Azərbaycanla tərəfdaşlıq münasibətlərinə çox böyük əhəmiyyət verir. O, əlavə edib ki, bütün bunlarla yanaşı, regionda son dövrlər baş verən təlatümlər fonunda Azərbaycan kimi bir ölkə ilə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi BƏƏ üçün müstəsna əhəmiyyət kəsb edir.

Əl Məzrui əlavə edib ki, bərpa olunan enerji sahəsində də BƏƏ-də uğurlu layihələrə imza atıb və bu çərçivədə “Masdar” şirkətini qeyd edib. Nazir, səfiri Masdar şirkətində görüş keçirməyə, oranın imkanları ilə tanış olmağa və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə etməyə dəvət edib.

Sonda Səfir BƏƏ-li nazirin diqqətini Ermənistanın Azərbaycan ərazilərini işğalı faktına yönəldərək, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı məlumat verib, BƏƏ-nin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana dəstək verən ədalətli mövqeyinin təqdirlə qarşılandığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi