Yuxarı

Azərbaycan, Türkiyə və İran XİN başçıları arasında növbəti görüş Azərbaycanda keçiriləcək

Ramsar bəyannaməsi qəbul edib

Bakı. 5 aprel. REPORT.AZ/ İran İslam Respublikası, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün Ramsar bəyannaməsi qəbul olunub. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib. 

Ramsar bəyannaməsində qeyd olunur ki, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə aprelin 5-də İran İslam Respublikasının Ramsar şəhərində xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçirilib.

Nazirlər,

- Xarici İşlər Nazirlərinin əvvəlki Üçtərəfli Görüşlərində qəbul olunan Urumieh, Naxçıvan və Van Bəyanatlarına dair öhdəliklərini vurğulayıblar;

- Üç ölkənin xalqları arasında mövcud olan dərin köklərə malik tarixi, dini, mədəni oxşarlıqlar və ümumi dəyərlərin daha güclü həmrəylik üçün xüsusi imkanlar yaratdıqlarına əminliklərini ifadə ediblər;

- Tərəflərin xüsusilə iqtisadi yüksəliş və dayanıqlı inkişaf yolu ilə üç ölkənin xalqları üçün firavanlıq təmin edəcək sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni yollar tapmağa dair əzmlərini vurğulayıblar;

- Bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi vasitəsilə regionda sülh, sabitlik, təhlükəsizlik, firavanlıq və əməkdaşlıq həlqəsinin yaradılmasına dair öhdəliklərini təsdiq etdilər və bu səylərin həmrəylik yolu ilə regional sahiblik hissini gücləndirəcəyini vurğulayıblar;

- Regionda sülh və sabitliyin möhkəmləndirilməsində birgə maraqlarını vurğuladılar və bu xüsusda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və bütün mübahisələrin dinc yolla nizamlanması da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinə öhdəliklərini vurğulayıblar;

- Bu xüsusda, yuxarıda qeyd olunmuş prinsiplər əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə həll olunmasının vacibliyini vurğulayıblar;

- Regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün müxtəlif səviyyə və platformalarda, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə Konfrans və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə maraq kəsb edən regional və qlobal məsələlərə dair məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər;

- 14 iyul, 2015-ci il tarixində İran İslam Respublikası və P5+1 ölkələri (Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları) və Avropa İttifaqı arasında Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) dair imzalanmış sazişi alqışladılar, sanksiya və məhdudiyyətlərin aradan qaldırılması ilə qonşu ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əvvəlkindən daha yaxşı zəmin yaradıldığına inamlarını ifadə etdilər, bu xüsusda Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Direktorunun sazişlə bağlı sonuncu hesabatında göstərildiyi kimi, sazişin tələblərini düzgün və ciddi yerinə yetirdiyi üçün İran İslam Respublikasını təqdir etdilər və digər BHFP iştirakçılarını öz öhdəliklərini məsuliyyətlə yerinə yetirməyə çağırıblar;

- Nüvə Silahının Yayılmaması Müqaviləsinə dair 2015-ci ildə keçirilmiş Konfransın nəticələrindən məyusluq ifadə etdilər və Yaxın Şərqdə nüvə silahı və digər kütləvi qırğın silahlarından azad zonanın yaradılmasına dair 1995-ci ilin Yaxın Şərq Qətnaməsinin yerinə yetirilməsi üçün Fəaliyyət Planı qəbul etmiş 2010-cu ilin Nüvə Silahının Yayılmaması Müqaviləsinə dair Konfransının yekun sənədinə dəstəklərini təsdiq ediblər;

- İqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin enerji, nəqliyyat, telekommunikasiya, sənaye, təhsil, elm, mədəniyyət, turizm və idman sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün bütün səyləri gücləndirməyi qərara alıblar;

- İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd etdilər, ticarət, nəqliyyat, rabitə və enerji kimi prioritet sahələrə diqqətin yönəldilməsinin və bütün üzv ölkələr üçün maraqlı sahələrdə konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar;

- Təhlükəsizlik və sabitlik baxımından bütün hallarda öz ərazilərinin hər hansı şəxs və ya qrup tərəfindən bir-birilərinə qarşı hər hansı hədə və fəaliyyət üçün istifadə edilməsinə icazə verməyəcəklərinə dair əzmlərini vurğulayıblar;

- Terrorizm, zorakı ekstremizm və separatizmin bütün forma və təzahürləri, transmilli cinayətlər, narkotik maddələr və silahların qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya, eləcə də təriqətçiliyə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti öhdəliklərini xüsusilə qeyd etdilər, İran İslam Respublikasının təşəbbüsü ilə 20 dekabr, 2015-ci il tarixində “Zorakılıq və Zorakı Ekstremizm əleyhinə Dünya” (A/RES/70/109) adlı BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməni təqdir etdilər və sözügedən Qətnamənin tam yerinə yetirilməsinə çağırış ediblər;

- Etnik mənsubluq, irq, rəng, din və inama görə qeyri-tolerantlıq və ayrı-seçkiliyin bütün formalarını qınayaraq və müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında tolerantlıq, hörmət, dialoq və əməkdaşlıq təşviq edilməsinin vacibliyini vurğulayaraq, tərəflər Türkiyə və İspaniya tərəfindən birgə dəstək verilən BMT-nin Sivilizasiyalar Alyansı Təşəbbüsünün məqsəd və prinsiplərinə sadiqliklərini təsdiq etdilər. Bu xüsusda, 25-27 aprel, 2016-cı il tarixlərində Azərbaycanın Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Alyansın 7-ci Qlobal Forumunun əhəmiyyətini xüsusilə qeyd ediblər və yuxarıda qeyd olunmuş Forumda fəal iştirak etmək üçün hazır olduqlarını vurğulayıblar;

- İslam Dünyasının üzləşdiyi mürəkkəb problemlərə qarşı durmaq üçün qardaşlıq və İslam birliyinin təşviqinin əhəmiyyətini qeyd etdilər və tolerantlıq, anlaşma və İslam həmrəyliyinin möhkəmləndirilməsində daha fəal və effektiv əməkdaşlıq etmək niyyətlərini vurğulayıblar;

- 2016-2018-ci illər üçün Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planının qəbul olunmasının əhəmiyyətini vurğuladılar və onun həyata keçirilməsində Xarici İşlər Nazirlərinin əlaqələndirici rolunu qeyd etdilər; bu səbəbdən müvafiq Nazirlik və Agentlikləri Fəaliyyət Planının müddəalarının praktiki yerinə yetirilməsi üçün üçtərəfli əməkdaşlığı gücləndirməyə və Fəaliyyət Planının icrasının davam etdirilməsi üçün səy göstərməyə həvəsləndiriblər;

- Qəbul olunmuş qərarlar və nazirlər səviyyəsində qəbul olunmuş Fəaliyyət Planının yerinə yetirilməsinə nəzarət edilməsinin vacibliyini vurğulayıblar və üçtərəfli mexanizmin əlaqələndirici orqanı kimi fəaliyyət göstərəcək İcraedici Komitənin yaradılmasını qərara alıblar. Komitə ən azı ayda bir dəfə nazirlərin görüşündən əvvəl çağırılacaq və sahəvi əməkdaşlıq üzrə fəaliyyət planlarında sadalanan fəaliyyətlərin həyata keçirilməsi üzrə əldə olunan uğurları nəzərdən keçirəcək və nazirlərin üçtərəfli görüşünə məruzə edəcək. Bu İcraedici Komitə üç ölkənin siyasi səviyyədə xarici işlər nazirlərinin müavinlərindən təşkil olunacaq;

- Regional və qlobal məsələlər üzrə siyasi dialoq, koordinasiya və əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə üçtərəfli formatda müntəzəm görüşlər keçirilməsinin vacibliyini vurğulayıblar;

- Növbəti görüşün 2017-ci ildə Azərbaycan Respublikasında keçirilməsi barədə razılığa gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi