Yuxarı

​Azərbaycan Prezidenti Serbiyanın baş nazirini qəbul edib

Münaqişələrin həll olunmasında iki ölkənin mövqeyinin üst-üstə düşdüyü vurğulanıb

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

“Report” xəbər verir ki, dövlət başçısı Serbiyanın baş naziri ilə Münhendəki görüşünü və tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı apardıqları səmərəli müzakirələri məmnunluqla xatırladıb. Prezident İlham Əliyev Serbiya Respublikasının baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin uğurlu olacağına əminliyini ifadə edib.

Serbiyanın baş naziri Aleksandr Vuçiç ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi sahədəki kimi, iqtisadi sahədə də genişləndirməkdə maraqlı olduğunu deyib.

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun vurğulandığı görüşdə bu istiqamətdə müxtəlif layihələrin uğurla həyata keçirildiyi bildirilib. İki ölkə arasında mövcud olan möhkəm siyasi əlaqələrin və qarşılıqlı anlaşmanın ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verdiyi qeyd olunub.

Söhbət zamanı əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, sərmayə qoyuluşu, yükdaşımaları, mədəni, humanitar və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunularaq münaqişələrin beynəlxalq hüquq normalarına uyğun şəkildə və ərazi bütövlüyü çərçivəsində həll olunmasında iki ölkənin mövqeyinin üst-üstə düşdüyü vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi