Yuxarı

​Azərbaycan Prezidenti ilə Bolqarıstan Prezidenti arasında təkbətək görüş olub

“Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb

Bakı. 4 mart. REPORT.AZ/ Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə təkbətək görüşü olub. 

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi qeyd olunub. Əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edilib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sofiyada geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi