Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsindən və bütövlükdə siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.
“İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır”, - deyən dövlət başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif layihələr icra etdiyini və onlardan birinin bu il İtaliya və Azərbaycan prezidentlərinin iştirakı ilə ölkəmizdə açıldığını bildirib. Prezident İlham Əliyev ölkələrimizin energetika sahəsində əməkdaşlıq etdiyini, mədəniyyət sahəsində əlaqələrimizin gözəl nəticələr verdiyini deyib. Dövlət başçısı münasibətlərimizin hərtərəfli inkişafı üçün parlamentlərarası əlaqələrin böyük rol oynadığını vurğulayaraq bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla həyata keçirildiyini bildirib. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində ölkələrimiz tərəfindən qəbul edilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin rolunu qeyd edib. Dövlət başçısı İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin strateji tərəfdaşlıq əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Qonaqpərvərliyə və xoş sözlərə görə minnətdarlığını bildirən İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati deyib: “Biz bilirik ki, Azərbaycan həm ənənə, həm də mədəniyyət baxımından çox zəngin ölkədir. Təbii ki, mənim səfərim iki ölkə arasında olan dostluq əlaqələrinin bir daha təsdiqidir”.
İkitərəfli münasibətlərimizin inkişafında ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin önəminə toxunan İtaliya Senatının sədri öz səfərinin də əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Ölkələrimiz və xalqlarımız arasında bir çox oxşarlığın olduğunu bildirən italiyalı qonaq deyib: “Azərbaycanda müxtəlif millətlərin dinc birgə yaşaması onu göstərir ki, İtaliya ilə Azərbaycan bu sahədə də uğurlu əməkdaşlıq həyata keçirə bilərlər”.
Görüşdə sənaye, enerji, neft-kimya, mədəniyyət, infrastruktur, kənd təsərrüfatı, ekologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
*** 10:35
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.