Yuxarı

Azərbaycan Prezidenti İranın müdafiə nazirini qəbul edib

Dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 20-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Report" xəbəer verir ki, dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə həm Azərbaycanda, həm İranda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görüşlərinin önəmini bildirən Prezident İlham Əliyev birgə səylər nəticəsində əlaqələrimizin müxtəlif sahələrdə yüksək səviyyəyə qalxdığını qeyd edib. Dövlət başçısı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğulayaraq hərbi sahədə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın Azərbaycana səfərinin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Nazir Hüseyn Dehqan İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri İran-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, ulu öndər Heydər Əliyevin müasir İran-Azərbaycan əlaqələrinin memarı olduğunu qeyd edərək bu gün Prezident İlham Əliyevin göstərdiyi siyasi iradə və qətiyyətin münasibətlərimizin gələcək inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.

Görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi