Azərbaycan parlamentinin nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək

Azərbaycan parlamentinin nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək Sessiyada Azərbaycanda demokratik institutların fəaliyyəti müzakirə olunacaq
Xarici siyasət
18 İyun , 2015 17:36
Azərbaycan parlamentinin nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək

Bakı. 18 iyun. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə parlament nümayəndə heyəti qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 21-də Fransanın Strasburq şəhərinə yola düşəcək. Bu barədə "Report"a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Elxan Süleymanov daxildirlər.

Tədbirdə AŞPA-nın Daimi Komitəsi və Büronun fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Azərbaycanda demokratik institutların fəaliyyəti, Türkiyədə son parlament seçkilərinin nəticələri, Macarıstandakı son durum, Mərakeş parlamenti ilə münasibətlər, Ukraynada münaqişə zamanı itkin düşmüş şəxslərin taleyi, media etikası və bu sahədə şəffaflığın artırılması, Rusiya Federasiyası nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.

Sessiya çərçivəsində AŞPA Bürosunun və qurumun Sosial məsələlər, səhiyyə və davamlı inkişaf, Qeyri-diskriminasiya və bərabərlik, Demokratiya və siyasi məsələlər, İnsan hüquqları və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək.

Məlumatda qeyd olunub ki, Azərbaycanı təmsil edən deputatlar sessiyada müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaqlar. Səfər zamanı nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva, eyni zamanda, AŞPA-nın Partiya Komitələrinin 12-ci iclasında və uşaqlara qarşı cinsi zorakılığın önlənməsi məsələsinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Səfər iyunun 28-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi