Bakı. 12 aprel. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir.
Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Deyvid Makallisterlə görüşüb. Görüşdə həmçinin Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Cavanşir Feyziyev, Avronest PA-nın həmsədri Rebeka Harms, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov, AP-nin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai, AP prezidentinin müşaviri və qurumun Xarici əlaqələr komitəsi katibliyinin rəhbəri iştirak ediblər.
D.Makallister Azərbaycan nümayəndə heyətinə səfər etdikləri üçün təşəkkür edib və cari ilin may ayında Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri qismində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduqları diqqətə çatdırıb.
Görüş zamanı D.Makallister işğal olunan ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycan hökuməti tərəfindən haqlarında beynəlxalq həbs qərarı çıxarılan 3 avroparlamentari ilə bağlı məsələyə də toxunub. O, Azərbaycan tərəfinin mövqeyini və narahatlığını anlayışla qarşıladığını, həmkarlarının işğal olunan Azərbaycan ərazilərinə səfərindən təəssüfləndiyini bildirib. Bu məsələ ilə əlaqədar sözügedən deputatlarla görüşdüyünü və onlara Avropa Parlamentinin adını istifadə etməklə işğal olunmuş ərazilərə səfər etmələrin və “seçkiləri” müşahidə etmələrinin yolverilməz olduğunu izah etdiyini diqqətə çatdırıb.
Daha sonra Avronest PA-nın həmsədri xanım Rebeka Harms və AP-nin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai Azərbaycanda insan hüquqları ilə bağlı mövcud vəziyyətə dair suallarının Səməd Seyidov tərəfindən cavablandırılmasını xahiş edib. Milli Məclisin komitə sədri ünvanlanan sualları cavablandıraraq insan hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkədə atılan son addımlar haqqında qarşı tərəfi ətraflı məlumatlandırıbr. S.Seyidov son dövrlərdə Azərbaycan Prezidenti tərəfindən verilən əfv və amnistiya qərarları, Cinayət Məcəlləsinin humanistləşdirilməsi və mədən sənayesində şəffaflığın təmin olunması ilə bağlı imzalanmış sərəncamlar haqqında ətraflı məlumat verib.
Sonda Avropa Parlament və Milli Məclis arasında ikitərəfli əlaqələrin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi zərurəti qeyd olunub.