Bu gün Bakıda enerji təhlükəsizliyi və iqlim dəyişikliyi məsələlərinin öyrənilməsinə həsr olunmuş “Azərbaycan - NATO” tədbirinin açılışı olub.
"Report" xəbər verir ki, tədbir Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədinə qoşulmasının 30 illiyi çərçivəsində təşkil olunub.
Dəyirmi masanın iclasında NATO-nun İnnovasiyalar, hibrid məsələlər və kibertəhlükəsizlik şöbəsinin İqlim və enerji təhlükəsizliyi sektorunun nümayəndəsi, təşkilata üzv və tərəfdaş ölkələrin nümayəndələri, o cümlədən müvafiq sahə üzrə ekspertlər və Azərbaycanın müvafiq qurumlarının akademik dairələrinin təmsilçiləri iştirak edirlər.
Tədbir çərçivəsində enerji təhlükəsizliyi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu, mühüm enerji infrastrukturu və onun mühafizəsi ilə bağlı mümkün təhdid və risklər, iqlim dəyişikliyi problemi ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdə Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsini icra edən Anar Mütəllimov çıxış edib.
Azərbaycanın etibarlı tərəfdaş və enerji təchizatçısı kimi rolu, iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl enerji”yə keçid sahəsində fəaliyyəti, o cümlədən COP29 tədbirinə sədrliyi xüsusi vurğulanıb.
Foto: Samirə Həsənova