Yuxarı

Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələri inkişaf edir

Azərbaycan nümayəndə heyəti İsveçrə parlamentində görüşlər keçirib

Bakı. 5 mart. REPORT.AZ/ Milli Məclisin sədr müavini, Azərbaycan parlamentində İsveçrə ilə dostluq qrupunun rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti İsveçrədə səfərdədir.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, nümayəndə heyəti İsveçrə parlamentinin aşağı palatası - Milli Şurada və yuxarı palatası - Kantonlar Şurasında görüşlər keçirib.

Nümayəndə heyətimizin Milli Şuranın sədri Stefan Rossini ilə görüşündə Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələrinin hazırkı səviyyəsi və inkişaf perspektivləri müzakirə edilib. Stefan Rossini Azərbaycan ilə münasibətlərin çox yaxşı səviyyədə olduğunu vurğulayıb, parlamentlərarası əlaqələrin dinamik inkişaf etdiyini söyləyib.

S.Rossini deyib: “Biz qərara gəldik ki, hər iki parlament arasındakı əlaqələri daha da möhkəmləndirək. Xüsusilə də Azərbaycan və İsveçrə parlamentlərindəki dostluq qruplarının fəaliyyətinin davamlılığını təmin etmək barədə razılığa gəldik. Sözsüz ki, İsveçrə parlamentində mənim simamda çox yaxın dostunuz var. Hesab edirəm ki, İsveçrə parlamentində Azərbaycan ilə dostluq qrupu çox yaxşı formalaşdırılıb. Dostluğumuzun əsas sübutu mənim də təmsil olunduğum parlamentdə İsveçrə-Azərbaycan dostluq qrupunun fəal işləməsidir”.

Milli Məclis sədrinin müavini Bahar Muradova nümayəndə heyətinə göstərilən diqqətə görə təşəkkür edib. Bildirib ki, Azərbaycan ilə İsveçrə arasında əlaqələrin inkişafı parlamentlərarası münasibətlərə də yaxşı təsir göstərib. İndi bu sahədə də sıx əlaqələrimizin olması bu günün reallığıdır. Bahar Muradova Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfərlərinin, xüsusilə Davos Dünya İqtisadi Forumundakı iştirakının əhəmiyyətinin yüksək qiymətləndirildiyini vurğulayıb. Nümayəndə heyətimiz adından S.Rossiniyə Azərbaycan xalçası hədiyyə olunub.

İsveçrə-Azərbaycan qanunverici orqanlarının əməkdaşlığı məsələləri İsveçrə parlamentinin yuxarı palatası - Kantonlar Şurasının sədri Klod Eşlə də müzakirə edilib.

Görüşdə Azərbaycan-İsveçrə əlaqələrinin inkişafından, bu münasibətlərin parlamentlərarası əməkdaşlığa müsbət təsir göstərməsi faktından məmnunluqla danışılıb, parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində əməkdaşlığımızın səviyyəsindən razılıq ifadə olunub.

Klod Eş deyib: “Azərbaycan ilə əlaqələrimiz çox yaxşı səviyyədədir. Əsas hədəf dostluğumuzu möhkəmləndirmək, münasibətlərimizi daha da inkişaf etdirməkdir. Burada söhbət qarşılıqlı etimada əsaslanan əlaqələrimizi daha da möhkəmləndirməkdən gedir. Əminəm ki, Azərbaycan da buna önəm verir”.

Sonra İsveçrə parlamentinin Kantonlar Şurasının xarici siyasət komissiyasının sədri Feliks Qutsvillerin və Milli Şuranın xarici əlaqələr komissiyasının rəhbəri Karlos Somaruqanın da iştirakı ilə İsveçrənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüş keçirilib.

Bahar Muradova bildirib ki, İsveçrə parlamentində keçirdikləri görüşlər nümayəndə heyətimizin üzvləri tərəfindən çox müsbət qarşılanıb. Səmərəli müzakirələr baş tutub. Bu da onu göstərir ki, münasibətlərimiz hər iki ölkənin və xalqlarımızın maraqlarına uyğun şəkildə inkişaf edir və böyük perspektivləri var. İsveçrəli parlamentarilər də əlaqələrimizin inkişafından məmnunluqlarını ifadə ediblər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. İsveçrə parlamentinin hər iki palatasının komissiya rəhbərləri ölkələrin sərhədlərinin hərbi yolla dəyişdirilməsinin yolverilməz olduğunu vurğulayıblar.

Feliks Qutsviller deyib: “Beynəlxalq təşkilatlardan ATƏT bu münaqişənin nizamlanması ilə məşğul olur. Münaqişənin həlli Helsinki prinsiplərinə əsaslanmalıdır. İsveçrə tərəfi olaraq biz də çalışırıq ki, tezliklə münaqişə həll edilsin. Əlbəttə, bu həll yolu ərazi bütövlüyünü təmin edən Helsinki prinsiplərinə hörmətə əsaslanmalıdır”.

Görüşlərdə ölkəmizin İsveçrədəki səfiri Əkrəm Zeynallı da iştirak edib. Azərbaycan nümayəndə heyəti İsveçrə parlamentinin binası ilə də tanış olub.

İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupu və İsveçrə Milli Şurası sədrinin adından nümayəndə heyətimizin şərəfinə rəsmi ziyafətlər verilib.

Səfərlə bağlı təəssüratlarını bölüşən Bahar Muradova deyib: “Ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsi ürəkaçandır. Əminəm ki, dostluq qrupunun bu səfəri də parlamentlərarası əlaqələrimizə öz töhfəsini verəcək. Çünki keçirilən görüşlərdə müzakirə olunan məsələlər və gəldiyimiz ümumi qənaətlər mənə bu fikri söyləməyə əsas verir. İsveçrə və Azərbaycan əsl dost ölkələrdir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi