“Gürcüstan və Azərbaycan arasında birgə media platforması mütləq təsis edilməlidir. Strateji müttəfiq və qardaş ölkələr arasında bu təsisatın yaradılması hətta bir qədər gecikib”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın “TV24” media holdinqinin icraçı direktoru, əməkdar jurnalist Badri Naçkebiya deyib.
Onun sözlərinə görə, bir neçə il bundan öncə platforma ilə bağlı eksperimentlər aparılıb, Azərbaycan dilində bir neçə televiziya proqramı hazırlanaraq efirə verilib: “Media sahəsində ortaq platforma birmənalı şəkildə lazımdır və nə qədər tez yaradılsa, bir o qədər yaxşıdır. Biz bu təşəbbüsün həyata keçirilməsinə hərtərəfli dəstək göstərməyə hazırıq”.
B.Naçkebiya bildirib ki, pltaformanın təsis olunması istiqamətində ilk addım kimi onlayn media resursun – gürcü, Azərbaycan və digər xarici dillərdə fəaliyyət göstərəcək birgə informasiya agentliyi yaradıla bilər.
Qeyd edək ki, artıq Azərbaycanla Türkiyə və Ukrayna arasında ortaq media platformaları fəaliyyət göstərir.