Azərbaycan BQXK-nın Kiprdə keçirdiyi təlim-kurslarında iştirak edib

Azərbaycan BQXK-nın Kiprdə keçirdiyi təlim-kurslarında iştirak edib Eldar Səmədov: "Hazırda 3867 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb"
Xarici siyasət
9 Fevral , 2017 18:40
Azərbaycan BQXK-nın Kiprdə keçirdiyi təlim-kurslarında iştirak edib

Bakı. 9 fevral. REPORT.AZ/ Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin axtarışı, insan qalıqlarının tapılması, eyniləşdirilməsi və qaytarılması ilə bağlı BQXK tərəfindən bu il yanvarın 24-28-də Kipr Respublikasında təlim-kurslar keçirilib.

Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təlim-kursda Azərbaycanı Dövlət Komissiyası İşçi Qrupunun rəhbərinin müavini Eldar Səmədov, Dövlət Komissiyası İşçi Qrupunun böyük referenti Namiq Əfəndiyev, Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi kriminalistika şöbəsinin ekspert-kriminalisti Günay Hacıyeva təmsil ediblər.

Səfərin əsas məqsədi Kiprdə ötən əsrin 60-70-ci illərində baş verən silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı oradakı mövcud iş təcrübəsinin öyrənilməsindən ibarət idi.

Kiprdə bu işi İtkin Düşmüş Şəxslərlə əlaqədar Komitə (İDŞK) həyata keçirir. Bu komitə Kiprin yunan və Türk icmalarının razılığı əsasında 1981-ci ilin aprelində BMT-nin himayəsi altında yaradılıb. Sonrakı 20 il ərzində hər iki tərəfin birgə səyi ilə itkin düşmüş şəxslərin ortaq rəsmi siyahısı dəqiqləşdirilərək yaxın qohumlarından qan nümunələri toplanıb. 1997-ci ildə tərəflər nəzarətlərində olan ərazilərdəki naməlum məzar yerləri barədə məlumatların qarşılıqlı şəkildə biri-birinə təqdim edilməsi barədə razılığa gəliblər. 2006-cı ildə adanın BMT-nin protektoratında olan müdafiə sahəsində Antropoloji laboratoriya yaradılıb və Argentinadan olan mütəxəssislər tərəfindən hər iki icmanın alım və mütəxəssislərindən yaradılan birgə qrupa təlim-kurslar keçirilib. 2008-ci ildən etibarən birgə komanda tərəfindən qalıqların ekshumasiya və identifikasiya prosesini həyata keçirməkdədir. Bu, adadakı türk və yunan icmalarının əməkdaşlıq etdiyi yeganə sahədir. İDŞK əsasən Avropa Birliyi və ABŞ, qismən isə Türkiyə və digər donor ölkələr tərəfindən maliyyələşdirilir.

Səfər çərçivəsində ilk görüş yanvarın 25-də BMT-nin ofisində keçirilib. Görüşdə İDŞK-dan kiprli türk üzv Gülden Plümer Küçük, kiprli yunan üzv Nestoras Nestoros, BMT-nin təmsilçisi və üçüncü üzv Paul-Henri Arni və qurumun BMT üzrə katibi Florian von Konig, BQXK-nın əməkdaşları – itkin düşmüş şəxslər və axtarış üzrə regional nümayəndə Samir Hacımustafiç, məhkəmə-tibbi ekspert Metyu Vennemeyer və tərcüməçi Sərxan Hüseynov iştirak ediblər.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə əvvəlcə İDŞK-nın nümayəndələri qurumun yaranması zərurəti, keçdiyi yol və hazırda gördüyü işlərlə bağlı ətraflı məlumat veriblər. Vurğulanıb ki, qurum bütövlükdə münaqişə zamanı itkin düşmüş 2001 nəfərin axtarışı işini aparır. Onlardan 1508 nəfəri yunan, 493 nəfəri isə türkdür. Aparılan birgə iş nəticəsində 701 nəfərin artıq şəxsiyyəti tam müəyyən edilib. Onlardan 520 nəfəri yunan, 181 nəfəri türkdür. Hazırda işlər intensiv şəkildə davam etdirilir. Bildirilib ki, proses bütövlükdə Arxeoloji, Antropoloji, Genetik, Eyniləşdirmə və qalıqların qaytarılması kimi 4 əsas mərhələyə bölünür. Sonuncu mərhələdə şəxsiyyətin təyin edilməsi üçün əldə edilən sümük qalıqlarından götürülmüş nümunələr ABŞ-ın Vircinya ştatındakı Boud Selmak Məhkəmə Tibbi-Ekspertiza DNT laboratoriyasına göndərilir və son nəticələr orada çıxarılır.

Azərbaycan nümayəndə heyəti adından danışan Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevin salamlarını İDŞK üzvlərinə çatdırıb, səmimi qəbula görə təşəkkür edib.

E.Səmədov görüş iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və yaranma səbəbləri, erməni silahlı qüvvələri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən terror, etnik təmizləmə, soyqırım, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması siyasəti haqqında ətraflı məlumat verib. İştirakçılarının diqqətinə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamədə işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması tələb edilsə də, Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də Ermənistan silahlı birləşmələrinin işğalı altında qalmaqdadır.

Vurğulanıb ki, Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1993-cü ildə yaradılıb və həmin ildən etibarən əsir-girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı işində iştirak edib və bu sahədə mərkəzləşmiş siyasəti həyata keçirib. Bildirilib ki, Azərbaycan daim humanitar məsələlərin həllində konstruktiv mövqe tutub, ölkə vətəndaşları ilə yanaşı, erməni milliyyətindən olan şəxslərin də işi ilə məşğul olub, onların öz ailələrinə qaytarılmasını təmin edib. Münaqişəni başlayan Ermənistan isə bir qayda olaraq qeyri-konstruktiv mövqe nümayiş etdirib, humanitar məsələni siyasiləşdirməyə çalışıb. E.Səmədov buna misal olaraq 29 dekabr 2016-cı il tarixdə Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş verən döyüşdə şəhid olan və meyiti düşmən əlinə keçən Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlu ilə bağlı yaranan vəziyyəti göstərib. O, hadisədən 27 gün keçməsinə baxmayaraq, Ermənistanın həlak olan əsgərin meyitini geri qaytarmaqdan imtina etdiyini bildirib və BMT-nin nümayəndəsi Paul-Henri Arnidən bu məsələdə BMT-nin yardımçı olmasını xahiş edib.

Sonra E.Səmədov Dövlət Komissiyasının fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, münaqişə müddətində 6 minə yaxın insan itkin düşüb, əsir-girov götürülüb. 1437 nəfər əsir-girovluqdan azad edilsə də, hazırda 3867 nəfər Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İtkin düşmüş şəxslərin axtarışı istiqamətində Dövlət Komissiyasının bir sıra beynəlxalq təşkilatlarla, əsasən də Beynəlxalq Qızıl Xaş Komitəsi ilə yaxından əməkdaşlıq etdiyi qeyd olunub. Bu sahədə vacib addım kimi o, əməkdaşlıq çərçivəsində BQXK və Dövlət Komissiyası arasında 2008-ci ildə imzalanan "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişinə əsasən itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və xüsusi qaydada saxlanması işinin həyata keçirildiyini bildirib.

E.Səmədov diqqətə çatdırıb ki, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması və Azərbaycan ərazilərinin işğal altında saxlanılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin və onun yaratdığı humanitar nəticələrin həll edilməsinin qarşısında ən böyük maneə olmaqla yanaşı, itkin düşmüş şəxslərin axtarışı sahəsinə ciddi əngəllər yaradır.

E.Səmədov səmimi qəbula və ətraflı məlumata görə, bir daha təşəkkürünü bildirib, təcrübə mübadiləsinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində aparılan işlərə səmərə verəcəyini diqqətə çatdırıb. İDŞK üzvləri bu sahədə həm Azərbaycana, həm də Ermənistana yaxından kömək edə biləcəklərini, lazım gəldikdə öz mütəxəssisləri ilə dəstək verməyə hazır olduqlarını bildiriblər.

Elə həmin gün görüş yunan və türk üzvlərinin müavinləri Ksenopon Kallis və Murat Soysalın iştiarkı ilə davam etdirilib. Hər iki yetkili aparılan işlərin detalları barədə ətraflı məlumat verərək, görülmüş işlərlə bağlı təqdimat keçiriblər.

Növbəti gün yanvarın 26-da nümayəndə heyəti konkret olaraq arxeoloji qazıntıların aparıldığı və Şimali Kipr Türk Respublikasının ərazisində yerləşən üç sahəyə baş çəkərək aparılan işlərlə yerində tanış olublar. Qazıntı yerləri köhnə yunan məzarlığı, su quyusu və əkin sahəsindən ibarət idi. Yerlərdə arxeoloqlar və antropoloqlar tərəfindən aparılan işlərin xüsusiyyətləri və metodları barədə ətraflı məlumat verilib və qazıntının aparılması qaydaları izah edilib.

Səfərin son iş günü yanvarın 27-də nümayəndə heyəti BMT-nin protektoratındakı müdafiə sahəsində yerləşən Antropoloji Laboratoriya ilə tanış olub. Burada gün ərzində Məhkəmə Tibbi-ekspertiza mütəxəssisləri, Antropoloq və psixoloqlar tərəfindən təlim-kurslar keçirildi, nümayəndə heyətinin çoxsaylı sualları cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.

Kiprdə itkin düşmüş şəxslərin işi üzrə fəaliyyət göstərən İDŞK-nın təcrübəsi, xüsusən də iş prosesində sistemli və mərhələli yanaşma prinsipinin tətbiqi, o cümlədən xarici mütəxəssislərlə yanaşı, yerli mütəxəssislərin hazırlanaraq işə cəlb edilməsi sahəsində əldə edilən nailiyyətlərlə tanışlıq bu sahədə gələcəkdə həyata keçiriləcək fəaliyyətin təşkili baxımından səmərəli idi. Bununla yanaşı, İşçi qrupu Komissiya sədri Mədət Quliyevin beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı tapşırığına uyğun olaraq bu sahədə daha çox təcrübəsi olan digər dövlətlərin fəaliyyəti ilə tanış olmaq üçün araşdırmaları davam etdirir.

Son xəbərlər

Orphus sistemi