Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri (ZRK) ilə bağlı ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edib. Ancaq NATO-ya daxil olan Yunanıstanın həmin sistemləri Rusiyadan alan zaman nə ABŞ, nə də qurumun rəhbərliyində hər hansı neqativ münasibətə səbəb olmayıb. Buna görə də ekspertlər bildirir ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsi ədalətsiz, ikili standartların bariz nümunəsidir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev “Report”a açıqlamasında ABŞ tərəfindən əvvəllər də Türkiyəyə qarşı belə bir təcrübənin olduğunu qeyd edib.
O bildirib ki, Kipr hərəkatı zamanı Türkiyəyə silah embarqosunun tətbiqi, FETÖ və s. məsələlər iki ölkə arasında gərginliyin artmasına səbəb olan məqamlardandır:
“Zaman-zaman Türkiyə və ABŞ arasındakı münasibətlərin gərginləşməsi fonunda ABŞ silahlarının Türkiyəyə verilməməsi, əngəllənməsi, verilən silahların istifadəsi ilə bağlı müəyyən narahatlıqlar dilə gətirilib. Türkiyə hava hücumundan müdafiə sistemləri ilə bağlı dəfələrlə NATO və ABŞ-a müraciət etsə də, bu müraciətlərə adekvat yanaşılmayıb və həmin sistemlər Türkiyəyə satılmayıb. Bunun əvəzində isə hərbi hava qüvvələri sisteminin qurulması NATO çərçivəsində Hollandiyaya həvalə olunub, sonuncu isə üzərinə düşən vəzifələri icra etməyib. Qardaş ölkə Türkiyə isə milli maraqlarını və təhlükəsizlik məsələlərini əsas götürərək Rusiyadan müasir S-400 hava hücumundan müdafiə sistemlərini alıb. ABŞ yaxşı bilir ki, NATO-ya daxil olan ölkələrdə Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərindən istifadə olunması yenilik deyil. Məlum olduğu kimi, Yunanıstan həmin sistemləri Rusiyadan alıb, lakin bu, nə ABŞ, nə də NATO rəhbərliyində narahatlıq yaratmayıb”.
Deputat qeyd edib ki, Türkiyə ABŞ-ın tətbiq edəcəyi sanksiyalara qarşı sərt reaksiyasını bildirib:
“Eyni zamanda rəsmi Ankara Vaşinqtonu ədalətsiz sanksiyaları yenidən nəzərdən keçirməyə və səhvləri ən qısa müddətdə düzəltməyə dəvət edib. O da vurğulanıb ki, Türkiyə məsələnin ittifaq ruhuna uyğun olaraq, dialoq və diplomatiya yolu ilə həllinə hazırdır”.
“ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları Azərbaycan dövləti də qəbuledilməz hesab edir. Ölkə Prezidentimiz İlham Əliyev NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunmasını ədalətsizlik, ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir. Azərbaycan hər zaman olduğu kimi Türkiyəni, qardaş ölkənin verdiyi qərarları birmənalı olaraq dəstəkləyir. Ümid edək ki, ABŞ bölgədəki ən önəmli müttəfiqlərindən biri, NATO-da ən güclü ordulardan birinin sahibi olan Türkiyə ilə yeni problemlərinin meydana çıxmasını istəməz. Türkiyə, öz növbəsində, milli təhlükəsizliyini təmin etmək üçün lazımlı hesab etdiyi tədbirlərdən çəkinməyəcək”, - deputat əlavə edib.