Ayxan Hacızadə: Sülh sazişi ilə bağlı müzakirələrə ehtiyac var

Ayxan Hacızadə: Sülh sazişi ilə bağlı müzakirələrə ehtiyac var Ermənistan tərəfindən qanunvericilik aktlarında ərazilərimizə qarşı davam edən iddialara son qoyulmadıqca iki ölkə arasında həqiqi sülhdən söhbət gedə bilməz.
Xarici siyasət
17 Sentyabr , 2024 15:01
Ayxan Hacızadə: Sülh sazişi ilə bağlı müzakirələrə ehtiyac var
Ayxan Hacızadə

Sülh sazişi layihəsi üzrə açıq qalan müddəaların müzakirəsinə ehtiyac var.

Bunu "Report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, son bir neçə həftə ərzində Ermənistan rəsmiləri daha çox ziddiyyətli bəyanatlar səsləndirməklə kifayətlənirlər:

"Onlar sülh prosesinin reallıqlarını təhrif edir və bu istiqamətdə müvafiq şərhlərlə çıxış edirlər. Ermənistan tərəfi təklif edir ki, hazırda razılaşdırılmış müddəalar saxlanılmaqla Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın. Ancaq bunun məqbul variant olmadığı Azərbaycan tərəfindən bir neçə dəfə bildirilib. İstənilən saziş layihəsi üzrə belə bir qayda var ki, hər şey razılaşdırılmadan heç nə razılaşdırılmış hesab olunmur".

XİN rəsmisi layihə üzrə danışıqların qapalı olduğunu, yəni təfərrüatların geniş ictimaiyyətə açıq olmadığını vurğulayıb:

"Ancaq onu qeyd edə bilərik ki, layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni layihənin təqribən 80%-i razılaşdırılıb, bəzi müddəalar isə razılaşdırılmayıb, yəni yekun razılaşma yoxdur. Lakin bu o demək deyil ki, Ermənistan tərəfin təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir".

A.Hacızadə onu da diqqətə çatdırıb ki, saziş layihəsi üzrə açıq qalan müddəaların müzakirəsinə ehtiyac var:

"Ümumiyyətlə isə saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Ermənistan tərəfindən qanunvericilik aktlarında ərazilərimizə qarşı davam edən iddialara son qoyulmadıqca iki ölkə arasında həqiqi sülhdən söhbət gedə bilməz".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi