“Hər iki tərəfin nümayəndələri praqmatik addımların atılmasının vacibliyindən, sərhədlərin delimitasiyasından, demarkasiyadan danışırlar. Tərəflər arasında qarşılıqlı hörmət, etimad və əminliyi gücləndirmək üçün kiçik praqmatik addımlara ehtiyac var. Hazırda bu çatışmır”.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Avropa Parlamentinin deputatı, Estoniyanın keçmiş xarici işlər naziri Marina Kalyurand AVRONEST Parlament Assambleyasının İrəvanda keçirilən iclasında bildirib.
“Biz, Avropa Parlamentinin üzvləri bura sizə yardım etmək üçün gəlmişik. Sizin əvəzinizə problemlərinizi həll edə bilmərik. Çünki ölkə sizindir və problemlərinizi də özünüz müstəqil şəkildə həll etməlisiniz. Ancaq biz sizə yardım edə, məsləhət verə bilərik. Bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik”, - o vurğulayıb.
Xatırladaq ki, İrəvanda AVRONEST Parlament Assambleyasının komitəsinin iclası keçirilir. Toplantıda Azərbaycandan olan deputatlar Tahir Mirkişili və Soltan Məmmədov da iştirak edir.
Qeyd edək ki, 2009-cu ildə təsis edilən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk ötən il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. Ukrayna, Gürcüstan və Moldova mayın 17-də Ukraynanın paytaxtı Kiyevdə Aİ-yə üzv olmaq qətiyyəti və iradəsini ifadə etmək üçün “Assosiasiyalı trio”nun yaradılması haqqında memorandum imzalayıb.