ATƏT DTİHB Azərbaycanda parlament seçkilərini müşahidə missiyasına başlayıb

ATƏT DTİHB Azərbaycanda parlament seçkilərini müşahidə missiyasına başlayıb
Xarici siyasət
111
7 Yanvar , 2020 14:25
ATƏT DTİHB Azərbaycanda parlament seçkilərini müşahidə missiyasına başlayıb
Report / Elchin Murad

Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə missiyasını rəsmi olaraq açıq elan edib.

"Report" xəbər verir ki, bu barədə müşahidə missiyasının rəhbəri Piter Teyler (İsveç) bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O, missiyanın Azərbaycan hökumətinin rəsmi dəvəti ilə həyata keçiriləcəyini xatırladıb.

Uzunmüddətli missiya Bakıda yerləşən 12 mütəxəssisdən ibarət əsas qrupdan ibarətdir.

DTİHB yanvarın 14-dən etibarən 30 uzunmüddətli müşahidəçinin ölkə daxilində yerləşdirilməsini istəyib, 350 qısamüddətli müşahidəçi isə seçki günü səsvermənin gedişatını izləyəcək.

"Qısamüddətli müşahidəçilər seçkidən bir neçə gün sonra ölkəni tərk edəcək, uzunmüddətli missiya nümayəndələri isə qalaraq seçkidən sonrakı dövrü müşahidə edəcək. Biz bütün ölkələrdə olduğu kimi, eyni əsasda işləyirik. Azərbaycandakı işimiz fərqlənmir. Buraya yalnız seçkiləri müşahidə etmək üçün, heç bir qərəz olmadan gəlmişik. Bu seçkiləri daha əvvəl ölkədə keçirilən və digər ölkələrdəki seçkilərlə müqayisə etmək niyyətində deyilik”, - missiya rəhbəri P.Teyler deyib.

Onun sözlərinə görə, Bakıya gələn uzunmüddətli müşahidəçi missiyası namizədlərin qeydiyyatını, təşviqat işlərini, seçki administrasiyasının və müvafiq dövlət orqanlarının işini, hüquqi bazanın tətbiqini və s. müşahidə edəcək. Müşahidə çərçivəsində missiya həmçinin KİV-də kampaniyaların aparılmasını da monitorinq edəcək.

Seçki günü DTİHB missiyası ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətləri ilə birlikdə seçki məntəqələrinin açılmasını, səsverməni, səslərin sayılmasını və onlara yekun vurulmasını müşahidə edəcək.

P.Teylerin sözlərinə görə, ATƏT DTİHB missiyası müşahidə zamanı aralıq hesabat dərc edəcək, eləcə də seçkidən bir gün sonra ilkin hesabat hazırlayacaq. Bütün seçki prosesinin nəticələrinin və tövsiyələrin yer alacağı yekun hesabat isə seçki prosesinin bitməsindən, təxminən, iki ay sonra dərc olunacaq.

Son xəbərlər