Almaniya Federativ Respublikasında qaçqın statusu üçün müraciət edən Gürcüstan vətəndaşlarının sayında artım qeydə alınıb.
Bu barədə “Report”un Avropa bürosuna Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə İdarədən (BAMF) məlumat verilib.
Bildirilib ki, bu ilin iyul, avqust və sentyabr aylarında ümumilikdə 1147 Gürcüstan vətəndaşı qaçqın statusu almaq üçün müraciət edib.
Qeyd olunub ki, sığınacaq üçün müraciət edənlərin əksəriyyəti mart-aprel aylarında Almaniyaya mövsümlük işçi kimi gələnlər olublar. Onların iş müqavilələri bitsə də, ölkələrinə qayıtmaq istəməyiblər və Almaniyada qalmaq üçün federal idarəyə ərizə ilə müraciət ediblər. Müraciət edənlərin 10%-i azərbaycanlıdır.
Qeyd edək ki, 2019-cu ilin yanvar ayında Almaniya Bundestaqı Gürcüstan, həmçinin Əlcəzair, Mərakeş və Tunisin Almaniya üçün “təhlükəsiz mənşəli ölkələr siyahısı”na (sichere Herkunftsländer) daxil edilməsi haqqında qanun qəbul edib. Bununla da Almaniya bu ölkələrdən qaçqın axınının azalacağına və sığınacaqdan imtina edənlərin ölkədən deportasiya prosedurunun asanlaşacağına ümid edib. Sözügedən dörd ölkədən yalnız Gürcüstan 2017-ci ilin mart ayından etibarən Avropa İttifaqı ölkələri ilə vizasız rejimə malikdir. Almaniyalı mütəxəssislər bildirirlər ki, gürcüstanlı turistlərlə yanaşı, həm də cinayətkarlar Almaniyaya sərbəst giriş imkanı əldə edir və fəaliyyətlərini aktivləşdirirlər. Almaniyanın Daxili İşlər Nazirliyi hesab edir ki, Gürcüstan vətəndaşlarının çoxu vizasız rejimdən sui-istifadə edərək sığınacaq axtaran şəxs kimi müraciət edir və aylarla, bəzən isə illərlə Almaniyada qalmaq imkanı əldə edərək cinayət hadisələri törədirlər.