Ali Radanın üzvü: "Ukraynada Azərbaycan iş adamları özlərini sərbəst hiss edirlər" - MÜSAHİBƏ

Ali Radanın üzvü: "Ukraynada Azərbaycan iş adamları özlərini sərbəst hiss edirlər" - MÜSAHİBƏ Bakı. 28 noyabr. REPORT.AZ/ Ukraynanın Ali Radasının (parlament) 8-ci çağırış deputatı, Petro Poroşenko Bloku” partiyasının üzvü Oleq Barnanın Report İnformasiya Agentliyinə müsahibəsi:
Xarici siyasət
29 Noyabr , 2018 13:03
Ali Radanın üzvü: Ukraynada Azərbaycan iş adamları özlərini sərbəst hiss edirlər - MÜSAHİBƏ
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ Ukraynanın Ali Radasının (parlament) 8-ci çağırış deputatı, "Petro Poroşenko Bloku” partiyasının üzvü Oleq Barnanın "Report" İnformasiya Agentliyinə müsahibəsi:

- Ukrayna ilə Azərbaycan parlametləri arasındakı əməkdaşlığı, iki ölkə arasında siyasi və iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?

- Ölkəmizə Azərbaycandan tərəfdaşlar cəlb etmək üçün lazım olan bütün addımlar atılır, bizneslərini qurmalarına şərait yaradılır. Kənd təsərrüfatına, neft məhsulları və başqa məhsulların satışına Azərbaycandan investisiyalar yatırıldığından xəbərdaram. Məncə, Azərbaycan iş adamları özlərini Ukraynada rahat hiss edir və Ukrayna iş adamlarının da Azərbaycanda rahat iş quracaqlarına inanıram. İqtisadiyyata dair bir millət vəkili kimi, ticarət saldosu, kimin nələr ixrac və ya idxal etməsi, bərabər və ya qeyri-bərabər şəraitin yaradılması mənə maraqlıdır. Ukrayna dost ölkələrinin nümayəndələri üçün ən sərfəli investisiya mühiti yaradır. Yəni hamının yolunu gözləyirik, gəlin bizə, amma xoş niyyətlə gəlin. Sülh və əmin-amanlıq şəraitində firavan yaşayaraq, düşmənləri isə vurmaq lazımdır. Məncə, birbaşa bölgələr səviyyəsində, hətta müəssisələr səviyyəsində əməkdaşlıq əlaqələri qurulsa, daha yaxşı olar. Məsələn, bizim Ternopil vilayətində artıq üçü keçirilən, dördüncüsü gələn ilə nəzərdə tutulan iqtisadi foruma gəlməyinizi xahiş edərdim. Təkcə forum deyil, orada Ukraynada istehsal olunan bütün məhsullar nümayiş edilir. Forumda yerli hakimiyyətlərin nümayəndələri iştirak edir, təkliflər irəli sürür, investorları dəvət edir, öz məhsulları barədə məlumat verirlər. Öz seçki dairəmlə bağlı spirt istehsalı, kənd təsərrüfatı, un, şəkər, makaron kimi ərzaq malları istehsalı sahəsində əməkdaşlığa dəvət edərdim. Həmçinin heyvandarlıq da yüksək səviyyədədir. Bizim bölgədə keyfiyyətli ali və orta ixtisas təhsili var, o cümlədən tibbi təhsili qeyd edə bilərəm. Pedaqoji fəaliyyət, İT sahəsi inkişaf edir. Gəlin bizə. Ölkəmiz hər sahədə qarşılıqlı faydalı əməkdaşlığa açıqdır.

- Ukraynanın azərbaycanlı vətəndaşları ictimai, siyasi həyatda nə dərəcədə fəaldırlar? Bildiyiniz kimi, Ali Radada hərbi vəziyyətlə bağlı müzakirələr gedəndə azərbaycanlı diaspor çox açıq mövqe ortaya qoyub.

- Hələ Müdrik Yaroslav kimi böyük şəxsiyyətimiz demişdi ki, müdrik insan yaşadığı və yaxud yaşamaq istədiyi ölkənin qayda-qanununa, adət-ənənələrinə hörmət edər. Ukraynamızı özünə ikinci vətən bilən, bizim qanunlara, bizim adətlərə hörmətlə yanaşan, ölkəmizin müstəqilliyini uca tutan bütün milli azlıqlardan, o cümlədən azərbaycanlılardan olan dostlarımız indiki ağır məqamda da Ukraynanı dəstəkləyir, buna görə biz onlara təşəkkür edirik. Ukrayna bizim ümumi evimizdir, onu bir yerdə qorumalıyıq ki, bu evdə rahat yaşayaq.

- Ukrayna parlamentində bəzi milli azlıqların nümayəndələri təmsil olunur, amma azərbaycanlılar yoxdur. Bunun səbəbləri nədir?

- Hazırda parlamentimizdə cəmi bir neçə milli azlıq təmsil olunur. Bizdə majoritar seçki sistemidir, yəni seçicilər birbaşa istədikləri namizədə səs verirlər. Yəni hər kəs, hansı millətdən olursa olsun, Ukrayna vətəndaşıdırsa, parlament seçkilərində də, prezident seçkilərində də namizəd ola bilər. Heç pasportumuzda da milliyyət barədə qeyd yoxdur. Xalq, seçicilər kimə etimad göstərərsə, kim ölkəyə, millətə xidmət edib hörmət və ehtiram qazanıbsa, o namizəd seçiləcək və seçilir.

- Ukraynanın Krım da daxil olmaqla şərq bölgəsinin bir hissəsi işğal altındadır. Azərbaycanda da oxşar vəziyyət yaranıb, 25 il bundan əvvəl Ermənistan ərazimizin bir hissəsini işğal edib. Eyni vəziyyətlə üzləşən Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova ilə bağlı sizcə, hansı addımlar atılmalıdır?

- Rusiyaya qarşı cavab sanksiyalarının, xüsusilə də bu ölkənin başqalarından asılı olduğu modern texnologiyaları da əhatə edən maliyyə sanksiyalarının artırılmasına bel bağlayırıq. Yalnız bununla Rusiyanı iqtisadi böhran həddinə gətirib çökdürmək olar ki, nəticədə onlar xarici ölkələrə qarşı hərbi təzyiq göstərə bilməsin, hətta öz ordularını saxlamağa pulu olmasın. Bu, Qərb və başqa ölkələr tərəfində yeganə mümkün olan yardımdır. Onların hədə və xəbərdarlıqlarına isə Rusiya məhəl qoymayacaq. Həmçinin bir məsələni də xatırladım: Uzaq Şərqdə Çin qarşısında nüfuzunu itirən Rusiya indi də bütün diqqətini Mərkəzi Asiya, Yaxın Şərq, Avropa regionlarına yönəldərək Uzaq Şərqdə itirdiyi nüfuzu orada bərqərar etmək üçün həmin bölgələrin ölkələrinə təzyiq göstərməyə çalışacaq. Yəni biz post-sovet ölkələri siyasətimizdə, iqtisadiyyatımızda, informasiya məkanımızda Rusiyanın təsirilə üzləşəcəyimizi unutmamalıyıq. Bunlar Rusiyanın geosiyasi təsir dairəsindəki bütün ölkələrdə hiss olunur. Bunlara son qoymağın ən səmərəli yolu Rusiyada iqtisadi tənəzzülə nail olmaqdır ki, belə olarsa, rəhbərlikdə ixtilaflar baş verə bilər.

- Azərbaycan daim Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasında da Azərbaycan hər dəfə Ukrayna lehinə səs verib. Bəs Ukrayna parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına siyasi qiymət verə bilərmi?

 - Mən bütün parlament adından danışa bilmərəm. Bildiyimiz kimi, Ukraynanın Rusiya təczvüzünə uğraması yeganə hadisə deyil, bayaq qeyd etdiyimiz kimi, başqa bəzi post-sovet ölkələrində, hətta Şərqi Avropanın da keçmiş kommunist ölkələrində də oxşar hallar özünü göstərir, orada da Rusiya nüfuzunu bərpa etməyə çalışır. Sözsüz ki, keçmiş Sovet ölkələrindəki münaqişə ocaqları yalnız Rusiyanın səylərilə alovlanır. Ukrayna Sovet İttifaqından ilk çıxanlardan olub və elə əvvəldən başqa “müttəfiq”lərin müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyib. Bundan sonra da biz dövlətlərin beynəlxalq sənədlərdə təsbit olunan sərhədlər daxilində bütövlüyünü müdafiə edəcəyik.

- Ukraynada hazırkı vəziyyət necədir? Azov dənizində bu günlərdə baş verənlər haqqında fikirləriniz necədir?

- Azov dənizində baş verənlərlə bağlı çox gərgin vəziyyət yaranıb. Rusiyanın hərbi gəmiləri Kremldən komanda alaraq Ukrayna katerlərini atəşə tutub. Açıq-aşkar təcavüzkarlıq hərəkətləri ediblər. Əlbəttə, Azov dənizində Rusiya gəmilərinin bizimkilərdən 20 dəfə çox olduğu nəzərə alınsa, qarşıdurmanın mümkünsüzlüyü aydındır. Ukrayna donanmasının orada yalnız katerləri var. Rusiya hətta özü imzaladığı müqavilələrə sadiq olmayacağını bir daha nümayiş etdirdi. Otto Bismarkın dediyi sözləri xatırlayaq: “Rusiya ilə hər hansı sazişlər heç yazıldıqları kağıza belə dəyməz”. Bu gün Ukraynada bütün vətəndaşların, ictimaiyyətin birliyi və həmrəyliyi, iqtisadi və sənaye potensialının səfərbər olunması zəruridir ki, elə məhz bunun üçün də Rusiya ilə sərhədboyu vilayətlərdə hərbi vəziyyət tətbiq olunub.

Onu da deyim ki, Rusiya Ukrayna sərhədinə iki korpus cəlb edib. Əlbəttə, Ukrayna üçün bu qədər hərbi qüvvənin qarşısını almaq çox çətindir. Hərbi vəziyyət tətbiqinin də məqsədi mövcud iqtisadi imkanları hərbi ehtiyaclar üçün səfərbər etmək, habelə ehtiyatdakı təcrübəli hərbi qulluqçuları təhlükəli bölgələrə cəlb etməkdir. Bununla yanaşı, beynəlxalq dəstəyə də bel bağlayırıq. Bildiyiniz kimi, Ukraynanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib.

Son xəbərlər

Orphus sistemi