28 May Respublika Günü münasibətilə Azərbaycanın üçrəngli bayrağı ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında ucaldılıb.
“Report”un yerli bürosu xəbər verir ki, layihə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (“Azerbaijani Center of Midwest America – ACMA”) təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
ACMA-nın prezidenti Fərid Məmmədov “Report”a müsahibəsində deyib ki, ənənəvi layihə Çikaqo şəhərində hər il təşkil olunur: “Şəhər meriyası binasının qarşısı təsadüfi seçilməyib. Bir neçə gün öncə İllinoys ştatının Çikaqo şəhərinin meri Lori Laytfut 2021-ci il mayın 28-ni Azərbaycan Respublika Günü elan olunması haqqında bəyannamə imzaladı və bu şəhərdə yaşayan Azərbaycan icmasını təbrik etdi”.
Qeyd edək ki, gün ərzində dövlət bayrağımız Çikaqo şəhərinin meriyası qarşısında dalğalanacaq.
Vüsalə Abbasova