ABŞ Azərbaycanı amerkalı turistlərin təhlükəsizliyi baxımından yuxarı risk olan ölkələr siyahısına daxil edib
- 11 yanvar, 2018
- 06:05
Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb.
"Report" xəbər verir ki, bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir.
Azərbaycan amerkalı turistlərin təhlükəsizliyi baxımından risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.
Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb:
1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;
2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;
3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;
4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.
Qeyd edək ki, bölünmə şərtidir və məcburi yox, tövsiyə xarakteri daşıyır.
Azərbaycan teror riski ilə əlaqədar ölkələrin ikinci kateqoriyasına daxil edilib. ABŞ Dövlət Departamenti həmçinin münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərə getməməyi tövsiyə edib.
"Dağlıq Qarabağ münaqişəsi nəticəsində insan itkiləri davam edir. Hər il davamlı olaraq baş verən atışmalar, artilleriya sistemlərindən, minaatanlardan istifadə olunması və bölgədə basdırılan minaların partlaması insanların ölümünə və yaralanmasına səbəb olur. Təmas xəttinə yaxın yollardan və Ermənistan ilə Azərbaycan arasındakı beynəlxalq sərhədin yaxınlığından uzaq gəzin", - ABŞ Dövlət Departamentinin tövsiyəsində vurğulanıb.