Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BMT-nin Afrika əsilli xalqların Daimi Forumunun IV Sessiyasının açılış günündə çıxış edib.
"Report" xəbər verir ki, A.Abbasov rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında iştirakçıları məlumatlandırıb və bu xüsusda müstəmləkə əsarəti altında yaşayan xalqlara dəstək və yardımlardan söz açıb.
O, Daimi Forumun dəstəyi ilə BTQ tərəfindən aprelin 15-də təşkil ediləcək “Dekolonizasiya: Sakit inqilab” konfransında Fransa və Niderlandın kolonial idarəetməsinin ağır fəsadlarının müzakirə ediləcəyini bildirib.
Sessiya çərçivəsində A.Abbasov Daimi Forumun prezidenti Martin Kimani ilə görüşüb və ona BTQ-nin sifarişi ilə hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı kitabını hədiyyə edib.
Qeyd edək ki, BMT-nin Nyu-Yorkdakı Baş qərargahında keçirilən Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası 14-17 aprel tarixlərini əhatə edəcək. Bu dəfəki sessiyada Bakı Təşəbbüs Qrupu və onunla yaxından əməkdaşlıq edən Fransa və Niderlandın müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatlar iştirak edir.
Daimi Forum quldarlığın və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması istiqamətində tədbirlər görən BMT-in rəsmi qurumudur.
Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Daimi Forum arasında qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələri ilk dəfə BMT tribunasından təmsil etdikləri xalqların tələblərini səsləndirmək imkanı qazanıblar.


