Əbülfəs Qarayev: "Yanvarın 10-dan xarici ölkə vətəndaşlarına üç gün ərzində elektron viza veriləcək"

Əbülfəs Qarayev: "Yanvarın 10-dan xarici ölkə vətəndaşlarına üç gün ərzində elektron viza veriləcək" Bu gün Turizm Şurasının ilk iclası keçirilib
Turizm
29 Dekabr , 2016 16:12
Əbülfəs Qarayev: Yanvarın 10-dan xarici ölkə vətəndaşlarına üç gün ərzində elektron viza veriləcək

Bakı. 29 dekabr. REPORT.AZ/ "Turizm Şurasının yaradılması və fəaliyyəti Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək”. 

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının bu gün keçirilən ilk iclasında deyib.

Onun sözlərinə görə, indiyədək müxtəlif qurumlar tərəfindən Azərbaycanın tanıdılması üçün bir sıra layihələr həyata keçirilib: “Bu il ərzində reallaşdırılan uğurlu proqramlar artıq müsbət nəticə verib. Amma təəssüflər olsun ki, bu proqramlar daha çox konkret sahələri əhatə etməyib. Bundan sonra qurumlar və digər yerli iş strukturları ölkə turizminin inkişaf etdirilməsi üçün marketinq və təbliğat işlərini bir yerdə həyata keçirməlidirlər. Uğurlu strategiya əsasında həyata keçirilən bütün layihələr bu sektorun inkişafına müsbət təsir edəcək. Yeni yaradılan Turizm Təbliğat Bürosu bir neçə sahəni əhatə edəcək. Xarici ölkələrlə viza rejiminin sadələşdirilməsi, elektron viza sisteminin tətbiq edilməsi ölkəyə turist axınını təmin edəcək. Yanvarın 10-dan xarici ölkə vətəndaşları Azərbaycana gəlmək üçün üç gün ərzində rahat şəkildə elektron viza ala biləcəklər”.

Ə.Qarayev bildirib ki, Novruz bayramınadək Azərbaycandakı bütün hotellərin böyük əksəriyyəti tutulub: "Həmin otellərin müştəriləri arasında yerli turistlərlə yanaşı, xaricdə yaşayan həmvətənlərimiz, həmçinin əcnəbi turistlər də var. Xarici ölkələrdən olan turistlər əsasən Gürcüstan, Körfəz ölkələri və İrandandır. Onlar öz istirahətlərini məhz Azərbaycanda keçirmək istəyirlər”.

Nazirin çıxışından sonra iclas qapalı şəkildə müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, Turizm Şurasının əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi