Bakı. 3 aprel. REPORT.AZ/ 2014-cü ildə Türkiyəyə 630 min azərbaycanlı turist səfər edib. Bunu "Report"a Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan bildirib.
"Düşünürəm ki, bu, əslində daha böyük rəqəm ola bilərdi. Çünki potensial mövcuddur və hamı Türkiyəyə gəlmək istəyir. Əlbəttə ki, bütün bunlar insanların maddi vəziyyəti ilə bağlı olan məsələdir", - Seyid Əhməd Arslan deyib.
Onun sözlərinə görə, Türkiyəyə gələn turistlər həftədə 700-1000 dollar arasında vəsait xərcləyir: "Azərbaycanlılar da əksər turistlər kimi daha çox dənizə, gəzməyə, alış-veriş etməyə üstünlük verirlər. Bundan başqa, Türkiyə onların doğma vətənləri olduğu üçün bir yerdə çox qalmırlar, tez-tez Türkiyənin başqa regionlarına da səfər edirlər".
S.Ə.Arslan əlavə edib ki, bu ildən Türkiyə ölkəyə gələn turist axınını artırmaq, habelə bunun davamiyyətini saxlamaq məqsədilə yeni siyasət həyata keçirəcək. Belə ki, çarter reysləri həyata keçirilərkən Türkiyə dövləti təyyarənin yanacaq pulunu qarşılayacaq.
Qeyd edək ki, Türkiyə iqtisadiyyatına hər il turizm sektorundan 30 mlrd. dollar gəlir gəlir.