Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə xidmət sahəsində çalışan şəxslər üçün turizm sahəsi üzrə Türkiyədən olan ekspertlərin iştirakı ilə təlimlərə start verilib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının birgə Fəaliyyət Proqramına əsasən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin seçdiyi ekspert və təlimçilərin keçdiyi təlimlər 6 gün davam edəcək.
Təlimlər Bakı, Gəncə və Şuşa şəhərlərində qeydiyyat, qidalanma və təmizlik, o cümlədən idarəçilik bacarıqları üzrə 30 nəfərlik qruplara keçirilir.
Dövlət Turizm Agentliyinin regional turizm idarələrinin apardığı qiymətləndirmələr, o cümlədən Azərbaycan Hotel Assosiasiyasının tövsiyələri nəzərə alınmaqla təlimlərdə 105 nəfərin iştirakı nəzərdə tutulub.
Ötən il dekabrın 23-də Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının Bakıda keçirilmiş 2-ci iclasının nəticəsi olaraq ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, marketinq, kommunikasiya və turizm məhsulları, o cümlədən turizm təhsili və təlimi üzrə əməkdaşlığa dair qəbul olunan birgə Fəaliyyət Proqramının 8-ci maddəsinin 10-cu bəndinə əsasən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə Azərbaycanda turizm sahəsində xidmət sferasında çalışan şəxslər üçün təlimlərin təşkil olunması qərarlaşdırılıb.