Bakı. 23 avqust. REPORT.AZ/ Bu il “Iteca Caspian” şirkəti Azərbaycanda 7 beynəlxalq sərginin keçirilməsini planlaşdırır.
Şirkətdən "Report"a daxil olan məlumata görə, bu tədbirlər çərçivəsində iştirakçılar bazarı öyrənərək peşəkar əlaqələr qura və yeni tərəfdaşlar cəlb edə bilərlər: "Ziyarətçilər isə məhsul və ya xidmətlərlə tanış olmaq, onların istehsalçıları, yaxud tədarükçüləri ilə birbaşa görüşmək, faydalı əlaqələr qurmaq və mühüm müqavilələr imzalamaq imkanı əldə edəcəklər".
Yeni sərgi mövsümü XXIII Azərbaycan Beynəlxalq Səhiyyə (BIHE-2017) və XI Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb (Beauty Azerbaijan-2017) sərgiləri ilə açılacaq. Bu sərgilər sentyabrın 28-30-da "Baku Expo Center"də keçiriləcək. Sərgilərin ümumi ekspozisiyasında 100-dən artıq iştirakçının bir araya gəlməsi gözlənilir. Bu iştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər yer alır. “BIHE” sərgisində xarici istehsalçılarla yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan “BTL Industries”, “Labservis”, “Planeta” və tibbi avadanlıq və dərman vasitələrinin digər yerli distribyutorları da iştirak edəcək. Bu il sərgidə tibbi və laboratoriya avadanlıqları (əməliyyat masaları üçün avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları və s.), farmakoloji preparatlar, tibbi alətlər, eləcə də farmakoloji avadanlıqlar təqdim ediləcək.
Sərgi çərçivəsində geniş işgüzar proqram planlaşdırılır, belə ki, sərgi çərçivəsində ilk dəfə olaraq Həkimlər Konqresinin keçirilməsi nəzərdə tutulur. Konqres müxtəlif səhiyyə sahələrini təmsil edən aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirədən ibarət olacaq. Təşkilatçılar sərginin ikinci iş günündə eksponentlər ilə yerli istehsalçılar və distribyutorlar üçün seminar keçirəcək.
Hər il “Beauty Azerbaijan” sərgisi dünyanın müxtəlif ölkələrini təmsil edən sənaye peşəkarlarını cəlb edərək, onlara yerli bazara çıxmaq imkanı yaradır. “Beauty Azerbaijan-2017” sərgisində peşəkar kosmetik vasitələr, gözəllik salonları üçün avadanlıqlar və kosmetoloji aparatlar təklif edən Azərbaycan, ABŞ, Rusiya, İtaliya və Koreya şirkətləri iştirak edəcək. Sərgi çərçivəsində ustad dərsləri (master-klass) və “B2B” formatlı görüşlərin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, sərgi mövsümünü daha sonra XXIII Azərbaycan Beynəlxalq İnşaat (WorldBuild Baku-2017), X Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa olunan Enerji (Aquatherm Baku-2017) və X Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri (Securika Caspian-2017) sərgiləri ilə davam etdirəcək. Bu sərgilər isə oktyabr ayının 18-21-də təşkil olunacaq.