Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Bakıda aprelin 6-8-də baş tutacaq XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF) sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
"Report”un xəbərinə görə, konfransda çıxış edən sərginin əsas təşkilatçısı olan "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, hər il Azərbaycanda təşkil olunan beynəlxalq sərgilər mövsümü bu aydan start götürür. Onun sözlərinə görə, 2017-ci ildə “Iteca Caspian” şirkəti 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır: "Sərgilər dövlət sənaye strukturlarının dəstəyi ilə "Baku Expo Center"də baş tutacaq. Hazırda 2017-ci il sərgilərinin potensial iştirakçıları ilə aktiv işlər aparılır. Sərgi mövsümü aprelin 6-da “AITF-2017” və XI Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar (Horex Caucasus-2017) sərgiləri ilə başlayacaq. AITF sərgisi çoxlu sayda turizm istiqamətlərini, hava yollarını, hotel şəbəkələrini və digər turizm xidmətlərini təqdim edəcək. Bu il sərgidə 20 ölkəni təmsil edən 272 şirkət iştirak edəcək.
Bununla belə, 90-dan artıq müxtəlif xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ziyarətçilərə təqdim olunacaq. Sərgidə 17 milli və regional stend təmsil olunur. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və digər ölkələrdən şirkətlər var. Sərgidə milli və regional stendlər də təmsil edilir. Belarus, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, Mərakeş, Türkiyə və Tayland sərgidə milli stendlər, eləcə də “Roqaşka Slatina” (Sloveniya) və Stavropol diyarını (Rusiya) təmsil edən regional stendlər yer alır.
Şirkət direktoru qeyd edib ki, bu il ilk dəfə olaraq Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə sərgidə milli stendlər qurulub: "Regional stendtlər arasında Dağıstan, Kazan (Rusiya) və Odessa (Ukrayna) debut edəcək. Xarici eksponentlər arasında Böyük Britaniya, Rusiya, İtaliya, Çin, Türkiyə və Ukraynanı təmsil edən debütant şirkətlər də yer alır. Ümumiyyətlə, debütantlar AİTF iştirakçılarının 34%-ni təşkil edir".
Qeyd edək ki, sərgi çərçivəsində aprelin 6-da "Baku Expo Center"də saat 14:00-16:00-da Kazan şəhərinin turizm imkanlarının təqdimatı olacaq. Builki vork-şop isə aprelin 7-də təşkil olunacaq.
Sərginin ilk iki günü yalnız turizm peşəkarları, aprelin 8-dən isə geniş ictimaiyyət üçün açıq olacaq. Burada sərgi ziyarətçiləri yerində tur bron etmək imkanı əldə edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev qeyd edib ki, ötən il Azərbaycanı 2 242 783 turist ziyarət edib və bu, 2015-ci ilin analoji göstəricisi ilə müqayisədə 11,7% çoxdur: "Sərgidə Azərbaycanın 20-yə yaxın şirkəti ölkədə və xaricdə turizm təkliflərinin geniş çeşidini təqdim etməklə yanaşı, Azərbaycanın regionları da iştirak edəcək. Bu il səmərəliliyi artırmaq məqsədilə regional mədəniyyət və turizm idarələrində struktur dəyişikliklər edilib".