Özbəkistan - zəngin mədəni irs və onun qorunması üçün əldə olunan nailiyyətlər - REPORTAJ

Özbəkistan - zəngin mədəni irs və onun qorunması üçün əldə olunan nailiyyətlər - REPORTAJ Avqustun 22-26-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində mədəni miras həftəsi çərçivəsində Özbəkistan - sivilizasiyalar və böyük yollar kəsişməsində: İmperiyalar, dinlər, mədəniyyətlər“ adlı III Beynəlxalq Konfrans keçirilib.
Turizm
29 Avqust , 2019 16:50
Özbəkistan - zəngin mədəni irs və onun qorunması üçün əldə olunan nailiyyətlər - REPORTAJ

Avqustun 22-26-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində mədəni miras həftəsi çərçivəsində "Özbəkistan - sivilizasiyalar və böyük yollar kəsişməsində: İmperiyalar, dinlər, mədəniyyətlər“ adlı III Beynəlxalq Konfrans keçirilib.

Bu konfransda Azərbaycan tərəfdən iştirak edən yeganə Kütləvi İnformasiya Vasitəsi (KİV) “Report” İnformasiya Agentliyi olub.

“Report”un məlumatına görə, konfrans miqyası, məqsədi və vəzifələrinə görə XXI əsrdə postsovet məkanında keçirilən ən böyük və ən möhtəşəm elmi tədbir hesab edilir.

40 ölkədən 300 iştirakçı

Belə ki, konfransda 40 ölkədən 300 nəfərə yaxın ayrı-ayrı elm sahələri üzrə tanınmış alimlər, tədqiqatçılar və mətbuat nümayəndələri iştirak ediblər. Konfransın əsas nəticəsi Özbəkistanın mədəni mirasının öyrənilməsi üzrə Beynəlxalq Elmi Cəmiyyətin yaradılması və qurumun nizamnaməsinin təsdiq edilməsi, həmçinin Cəmiyyətin Elmi Şurası, idarəçilik tərkibinin yaradılması və təsdiq edilməsi olub.

“Özbəkistan - sivilizasiyalar və böyük yollar kəsişməsində: İmperiyalar, dinlər, mədəniyyətlər“ adlı konfrans Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə UNESCO-nun dəstəyi ilə keçirilib. Bu dəfəki tədbir daha geniş coğrafiyanı əhatə edərək Daşkənd, Termez və Buxara şəhərlərində elmi konfransların, həmçinin dünya elmi ictimaiyyəti üçün böyük əhəmiyyət kəsb edən bəzi tədbirlərin keçirilməsi ilə yadda qalıb.

Konfransın təşkilatçıları qismində Özbəkistanın Mədəniyyət Nazirliyi, Özbəkistanın mədəni irsinin saxlanılması, öyrənilməsi və populyarlaşdırılması üzrə Ümumdünya Cəmiyyəti, bu ölkənin Elektron Kütləvi İnformasiya Vasitələri üzrə Milli Assosiasiyası (NAESMİ), ölkənin İnformasiya Texnologiyaları və Kommunikasiyalarının İnkişafı Nazirliyi, Turizmin inkişafı üzrə Dövlət Komitəsi, UNESCO-nun işlər üzrə Milli Komissiyası çıxış ediblər. Həmçinin, təşkilatçılar arasında Özbəkistanın Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi və Özbəkistanın Nazirlər Kabineti yanında İslam Sivilizasiyası Mərkəzi də mövcuddur.

Bu tədbirlər sırasında “Kuşan imperiyasının xəzinəsi” adlı sərgi, “Özbəkistan əlyazmalarının nadir nüsxələri”, “İslam sivilizasiyası mərkəzinin və Özbəkistan Müsəlmanları İdarəsi” adlı mərkəzlə tanışlıq, Termez Arxeoloji Muzeyi, Kampırtəpə şəhər yeri, Fayaztəpə buddizm kompleksinin, İmam Buxari Beynəlxalq Elmi Araşdırma Mərkəzi ilə tanışlıq, ayrıca olaraq Əmir Teymur zamanında inşa edilmiş məşhur “Baqi şamol - Şimal bağı” adlı yeni bərpa edilmiş ilk tematik parkın açılışında iştirak etmək, “Özbəkistan - Məhəbbət haqqında dastan“ adlı yeni filmin izlənməsi, nəhayət Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə açılışı elan edilən XII Beynəlxalq “Şərq Təranələri” adlı musiqi festivalının möhtəşəm açılış konsertində iştirak kimi gözəl və mükəmməl təşkil edilmiş tədbirlər proqramı həyata keçirilib.

Bəşəriyyətə töhfə verəcək nəşrlər

Bütün bunlar barəsində “Report” geniş reportajlar hazırlayacaq. Ancaq hələlik konftans barədə deyə bilərik ki, burada dünya elmi ictimaiyyəti üçün mühüm hadisələrdən olan 30 cildilik “Özbəkistanın mədəni mirası” mövzusu üzrə çap edilmiş 11 yeni kitabın təqdimatı keçirilib. Bu kitablardan “Özbəkistanın 114 Quran kitabı”, “Alimlərin əsərlərində elm və mədəniyyət”, “Özbəkistanın arxeoloji abidələrinin xəritələşdirilməsi”, “Özbəkistanın memarlıq Epiqrafikası”, “Özbəkistanın memarlıq abidələrinin kataloqu”, ”Özbəkistanın 100 məşhur əlyazması”, “Orta Asiyanın xəritələşdirilməsi”, “Dünya muzeylərində Özbəkistanın mədəni mirası” və digərlərini qeyd etmək lazımdır. Hər bir dəyərli araşdırma müxtəlif ölkələrin elmi insanları tərəfindən hazırlanıb, Özbəkistan dövləti tərəfindən nəfis şəkildə eyni formatda nəşr edilib. Tədbir çərçivəsində həm də UNESCO, İCOMOS xətti ilə elmi tədbir keçirilib. Bu iclasda UNESCO-nun sədri Odri Azule şəxsən iştirak edib və həm dünya mədəni mirası, həm də konkret olaraq Özbəkistanın mədəni və qeyri-maddi mirası haqqında maraqlı çıxış səsləndirib.

Azərbaycandan bu tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov, Bakı Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva və Türkiynin Kostomonu Universitetinin professoru Namiq Musalı da qatılıblar. Azərbaycanlı alimlər ayrı-ayrı iclaslarda maraqlı məruzələrlə çıxış ediblər.

Nəvainin 50-yə yaxın əlyazması Azərbaycandadır

AMEA-nın Şərqşünaslıq İntitutunun direktor müavini, akademik Şahin Mustafayev çıxışında bildirib ki, bu gün Azərbaycan Əlyazmalar İnstitutu keçmiş Sovet ölkələri arasında ən qədim və ən zəngin Əlyazmalar İnstitutudur.

Onun sözlərinə görə, Azərbaycanın Əlyazmalar İnstitutu şəxsi kolleksiyalar əsasında formalaşıb: “Bu institutun əlyazmalar fondunun bir qismi Orta Asiya, xüsusilə də Özbəkistanla bağlıdır. Bu əlyazmaların böyük bir hissəsini isə görkəmli özbək şairi Əlişir Nəvainin seçilmiş əsərləri təşkil edir. Bu gün Azərbaycanda Əlişir Nəvainin 50-yə yaxın əlyazması saxlanılır. Bura Nəvainin “Xəmsə” əsərinin tam külliyatı daxildir. Onun 5 əsəri bu gün Azərbaycanın Əlyazmalar İnstitutunda mövcuddur. Bundan başqa, dahi şairin qəzəl və şeirləri də bu İnstitutda saxlanılır. Həmçinin şairin hələ yaşadığı dövrə - 1484 ilə məxsus divanı da Azərbaycan Əlyazmalar İnstitutunda qorunur”.

Bakıda olan və Özbəkistana aid çoxlu sayda dəyərli və qiymətli əlyazmalar onu deməyə əsas verir ki, bu layihə hələ uzun illər də davam etdiriləcək”.

Şahin Mustafayev

Академик Шахин Мустафаев

Akademik bildirib ki, şairin öz sağlığında, Hicri təqvimi ilə 889-cu ildə (Miladi təqvimi ilə 1484-cü il) köçürülən “Divan”ın titul səhifəsindəki qeyddən də məlum olur ki, bu nüsxə Naxçıvanlı Məhəmmədqulu ibn Həsən adlı bir şəxsin ixtiyarında olub: “Bu 50 əlyazmadan təxminən 39-u dahi şairin divanlarıdır. Qalanları isə onun “Xəmsə”yə daxil olan poemaları və yaradıcılığıdır”.

Ş. Mustafayev qeyd edib ki, bu gün Özbəkistan ədəbiyyatının zirvəsi hesab edilən “Baburnamə” əsərinin əlayazması da Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılır: “Bundan başqa, “Tarixi-Xorezm” tarixi əsəri də Azərbaycandadır. Bu əsər fars dilindədir və qeyd edilir ki, 1926-cı ildə Aşqabad şəhərindən alınıb. Bu əlyazma Xarəzmin qədim dövrlərdən Çingizxan dövrünə qədərki dövrü əhatə edən tarixə aiddir”.

Bundan başqa, akademik əlavə edib ki, Azərbaycanın Əlyazmalar İnstitutunda XVI əsrə aid “Abdullonamə” əlyazması da var: “Eyni zamanda, İnstitutumuzda Səmərqəndi, Buxari kimi tanınmış din xadimlərinin də əlyazmaları qorunmaqdadır. Bakıda olan və Özbəkistana aid çoxlu sayda dəyərli və qiymətli əlyazmalar onu deməyə əsas verir ki, bu layihə hələ uzun illər də davam etdiriləcək”.

Azərbaycan tarixi, mədəniyyətinin öyrənilməsi üçün böyük imkan

AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov isə tədbirin əhəmiyyəti barədə “Report”a danışarkən Özbəkistanda keçirilən bu konfransı Özbəkistan mirasının qorunması həftəsinin tədbirlər silsiləsi adlandırıb. Onun sözlərinə görə, bu, böyük bir proqramdır: “Burada müxtəlif ölkələrdən təşrif buyurmuş müxtəlif ixtisaslı, xüsusilə bu regiona həm mənşəyi, həm də talelərinə görə bağlı olan alimlər, eyni zamanda görkəmli mütəxəssislər də iştirak ediblər. Bu tədbirlərin çoxmərtəbəli əhəmiyyəti var. Çünki elm sahələri arasında mübadilə təşkil edən silsilə tədbirlər mövcuddur. Konfrans iştirakçıları, eyni zamanda, hər hansı özlərinə aid elmi sahədə məruzələrini edib həmkarları ilə görüşməklə yanaşı, eyni zamanda qonşu sahələr, məsələn numizmatlarla yazılı mənbələri araşdıranlar, incəsənət üzrə mütəxəssislər, hətta iqtisadiyyatla məşğul olanlar bu cür tədbirlərdə birgə görüşüb fənlərarası mübadilə aparırlar, məsələləri müzakirə edirlər. Yəni bu gün Özbəkistanda bu istiqamətləri birləşdirən böyük layihə mövcuddur. Bu tədbir bu layihənin əlaqələndirmə proqramıdır. Bu layihə də Özbəkistanın tarixi və mədəni mirasının qorunması və artırılması layihəsidir”.

F. Əsədov bildirib ki, Azərbaycan da bu böyük mədəni mirasın yayılması ərazisinin böyük bir hissəsidir: “Deyərdim ki, çox önəmli bir hissəsidir. Çünki, baxmayaraq ki, İslam Dağıstanda da xeyli yayılıb, amma Orta Asiya mühitinin yaratdığı mədəniyyət və onun artan hər hansı istiqamətlərindən biri olan bəlkə də Azərbaycan və türk mədəniyyətidir ki, onlar bizə hər zaman bir Qərb türkləri kimi baxıblar. Həm etnik tariximizin öyrənilməsi xeyli bağlılıq nümayiş etdirir, həm də  dinimizin inkişafında, məsələn İslam dininin təlimatının istiqamətləri Orta Asiya ilə Qafqazdakı türklərin birgə əlaqəli fəaliyyəti nəticəsində olub”.

"Bunların hamısını birləşdirib, birgə öyrənilməsi, bəlkə də mübadiləsini təşkil edib, dövlət səviyyəsində bununla bağlı təşkilatı məsələlərin həllini təmin etmək, bu cür böyük tədbirlər sayəsində mümkün olur. Bunun üçün də Özbəkistan hökumətinin belə bir təşəbbüsü və bu qədər diqqətlə vəsait ayırması, ətrafında bu qədər imkanlı insanları birləşdirməsi Azərbaycan tarixinin, kimliyimizin, mədəniyyətimizin öyrənilməsi üçün böyük imkanlar açır”.

Fərda Əsədov

Заведующий отделом истории и экономики арабских стран Института востоковедения им. Зии Буниятова Фарда Асадов

Ərəbşünas alim deyir ki, eyni zamanda, iqtisadi əlaqələr, "İpək Yolu" haqqında, onun Azərbaycan iqtisadiyyatı və tarixinin inkişafındakı əhəmiyyəti barədə danışarkən, mütləq bu proseslər Orta Asiyaya bağlılıqda dərk edilməlidir: “Çünki əks halda "İpək Yolu"nun vahid bir proses kimi öyrənilməsi pozula bilər. Nəhayət, maddi abidələrlə əlaqədar bağlılığımız mövcuddur. Xeyli maddi mədəniyyət abidələrinin oxşarlığı həm etnik insanların, həm də ticarət istiqamətlərinin nə cür istiqamətləndirilməsi barədə bizə məlumatlar verir, mədəniyyət abidələrinin oxşarlığının öyrənilməsinə yardımçı olur. Əlyazmaların hansı yolla oxucuya çatdırılması məsələsində görürük ki, Azərbaycanda yaradılan və müəllifləri Azərbaycan ərazisində yaşadıqları halda çox maraqlı əlyazmaları buradakı fondlarla saxlanılır. Eyni dərəcədə Orta Asiya müəlliflərinin o zamankı mühitdə ticarət yolları ilə Özbəkistana gətirilən əlyazmaları Azərbaycanda da tapılıb. Bunların hamısını birləşdirib, birgə öyrənilməsi, bəlkə də mübadiləsini təşkil edib, dövlət səviyyəsində bununla bağlı təşkilatı məsələlərin həllini təmin etmək, bu cür böyük tədbirlər sayəsində mümkün olur. Bunun üçün də Özbəkistan hökumətinin belə bir təşəbbüsü və bu qədər diqqətlə vəsait ayırması, ətrafında bu qədər imkanlı insanları birləşdirməsi Azərbaycan tarixinin, kimliyimizin, mədəniyyətimizin öyrənilməsi üçün böyük imkanlar açır”.

"Gördükləri işi bəlkə də bu gün tam dərk etmirlər"

Bakı Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva “Report”a bildirib ki, bu mötəbər tədbirlərin dəyəri heç bir ölçüyə sığmır. Onun sözlərinə görə, dünyanın ən qədim sivilizasiyalarından biri olan Mavənnəhr-Tranoksianın mərkəzi olan müasir Özbəkistanın ən qədim dövrlərdən başlayaraq günümüzədək gəlib çatmış memarlıq abidələri, daş dövründən qalan antropogenez nümunələri, buddizm, atəşpərəstlik, xristianlıq, islam mədəni-dini abidələrinin arxeoloji və memarlıq nümunələri günümüzdə insanı heyrətləndirəcək qədər maraqlı yaddaş nümunələridir.

"Azərbaycan ərazisi də ilkin antropogenez mərkəzlərindən olaraq, tarixi-arxeoloji-memarlıq abidələri ilə seçilən bir məkandır. Bu səbəbdən də Özbəkistanla eyni həyatı yaşayıb. Belə ki, keçən 150-200 ildə buradan dünya muzeylərinə daşınan, ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılan saysız-hesabsız maddi mədəniyyət nümunələrimiz var". 

Qənirə Pirquliyeva

Старший преподаватель Бакинского Государственного Университета, доктор исторических наук Ганира Пиргулиева

O bildirib ki, hələ keçən əsrin əvvəllərindən başlayan elmi-arxeoloji araşdırmalar əsasən stasionar xarakterini günümüzədək qoruyub saxlayır: “Yəni bir çox dünya xalqlarının öyrənilməsi baxımından önəmli yerdə olan abidələrdə illərlə araşdırmalar davam edir. Bu abidələrin bərpası, konservasiyası, təbliği və müasir tələblərə uyğun istifadəsi yolları ölkəmiz üçün öyrənilməsi vacib olan işlərdəndir".  Azərbaycan ərazisi də ilkin antropogenez mərkəzlərindən olaraq, tarixi-arxeoloji-memarlıq abidələri ilə seçilən bir məkandır. Bu səbəbdən də Özbəkistanla eyni həyatı yaşayıb. Belə ki, keçən 150-200 ildə buradan dünya muzeylərinə daşınan, ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılan saysız-hesabsız maddi mədəniyyət nümunələrimiz var. 

Q. Pirquliyeva deyir ki, ayrıca dünya alimlərinin sırasında Qafqaz və Azərbaycan üzrə tanınmış mütəxəssislərin yerli alimlərlə birgə çalışaraq bu faktların əsl tarixinin yazılması, onların bizim mədəni xalqımız tərəfindən yaradılmasının sübut edilməsi, nəhayət öz imzamızla ən azı sərgiləndikləri ekspozisiyalarda yer tapmaları çox vacib bir işdir: “Özbəkistanın bu sahədə həyata keçirdikləri iş bizlər üçün çox mütərəqqi nümunədir. Gördüklərimiz sırasında Özbəkistanın hökumət nümayəndələrinin bir qisminin biz alimlərlə birgə əvvəldən sona qədər bütün iclaslarda, tədbirlərə iştirak etməsi, əyalətlərdə bütün iştirakçıların yerli hökumətin başçıları tərəfindən qarşılanması və yola salınması, hər bir iştirakçı üçün ayrıca hər cür şəraitin yaradılması ayrı bir mövzudur. Özbəkistan xalqı həmişə öz aliminə xüsusi hörmətlə yanaşıb. Onlar üçün alim, müəllim ən vacib insandır. Biz bu mükəmməl düşüncə tərzinin olduğu kimi yaşandığının bir daha şahidi olduq. Düşünürəm ki, ən vacib nəticə elə bu yanaşmadır. Aliminə hörmətlə yanaşıb onun yazdıqlarını oxumaq, ona  böyük insan kimi yanaşmaq günümüzdə bizlər üçün ən böyük çatışmazlıqdır. Getdiyimiz hər bir yerdə Hava Limanından başlayaraq, mehmanxana işçilərinə qədər, muzey bələdçilərinə qədər, Ali Məclisin spikerinə qədər hər kəsdən bu cür səmimi münasibət görmək bizim özümüzə olan hörməti də artırdı desəm yanılmaram. Ən vacibi nə qədər də beynəlxalq statuslu bir tədbir olsa da hər addımda biz hər bir kəsin öz mədəniyyətini böyük məmnuniyyətlə bizə nümayiş etdirməsində qürur hissini tam olaraq görürdük.

Sonda alim Özbəkistan xalqına, onun alimlərinə və Prezidentinə dərin təşəkkürünü bildirib: “Gördükləri işin nə qədər dəyərli olmasını onlar bəlkə də bu gün tam dərk etmirlər. Amma unutmayanların unudulmamaq haqqı var. Zaman gələcək yüz illər sonra gənc nəsil bu işlərin nə qədər vacib olduğunu anlayıb bu günkü alimlərə və bu işi həyata keçirənlərə təşəkkürlərini əskik etməyəcək”.

Son xəbərlər

Orphus sistemi