Oktyabrda "Aquatherm Baku 2017" beynəlxalq sərgisi keçiriləcək

Oktyabrda "Aquatherm Baku 2017" beynəlxalq sərgisi keçiriləcək Sərgidə bir çox yerli və xarici şirkətlər iştirak edəcək
Turizm
12 Sentyabr , 2017 11:11
Oktyabrda Aquatherm Baku 2017 beynəlxalq sərgisi keçiriləcək

Bakı. 12 sentyabr. REPORT.AZ/ Oktyabrın 18-20-də "Baku Expo Center"də X Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan Enerji (“Aquatherm Baku 2017”) sərgisi keçiriləcək.

Tədbirin əsas təşkilatçısı olan "Iteca Caspian" şirkətindən "Report"a verilən məlumata görə, builki sərgi Azərbaycan, Çin, Fransa, İran, İtaliya, Küveyt, Türkiyə və digər ölkələrdən şirkətləri bir araya gətirəcək. Hazırda sərgi iştirakçılarının siyahısında "Euroclima", "Yusiko", "Best TechniK", "Azertexnolayn", "Alarko Carrier Sanayi ve Ticaret", "Egeplast", "Turan Makinе", "Termo ISI", "Polimart", "Ultratek", Sumqayıt Texnologiyalar Parkı (STP), "Kaskad-Hidro" və s. yer alıb. Bu il sərginin daimi iştirakçıları arasında “Sabkond” (Azərbaycan), “Termoklimat” (Azərbaycan), “AquaLink” (Azərbaycan), “NewCond” (Azərbaycan), “Crocus Trading” (Azərbaycan), “Frisquet” (Fransa), “Daboo Sanat” (İran), “RubinetteriaPaffoni” (İtalia), “Coolex” (Küveyt) və s. yeni şirkətlər də yer alır.

“Aquatherm Baku 2017” sərgisində ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar, boru armaturları, istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları və bir çox digər məhsul təqdim olunacaq.

Sərgidə müxtəlif istehsalçıların həm məişət, həm də sənaye təyinatlı kondisionerləri nümayiş etdiriləcək. Builki sərginin yenilikləri arasında isə qapalı sahələrdə mikroiqlimin (məsafədən) idarə edilməsi üzrə İT texnologiyalarını qeyd etmək olar. Sərgidə iştirak edən brendlər arasında “Arcelik”, “Alarko”, “Ecostar”, “Immergas”, “Mitsubishi” və “Sime” ticarət markaları var.

“Aquatherm Baku 2017” çərçivəsində ilk dəfə olaraq iştirakçılar və yerli distribütorlar arasında “B2B” formatlı görüşlərin təşkili planlaşdırılır. Bu görüşlərdə şəhərdə sosial binaların tikintisinə cəlb olunmuş şirkətlər də iştirak edəcək.

Sərgi rəsmi olaraq Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group”, həmçinin onun tərəfdaşları “EUF” (Türkiyə), “Caspian Event Management" (BƏƏ), “ITE China” (Çin) şirkətləri çıxış edir. 

Son xəbərlər

Orphus sistemi