Kosta-Rikanın Turizm Nazirliyi iqtisadiyyatın turizm sektorunu aktivləşdirmək üçün noyabrın 1-dən etibarən bütün əcnəbi ölkələrin vətəndaşlarına hava sərhədlərinin açılacağını elan edib.
“Report” Nazirliyin açıqlamasına istinadən xəbər verir ki, bunun üçün sadəcə pandemiya və mövcud sanitar konyuktura ilə əlaqədar immiqrasiya tələblərinə uyğunluq bəs edəcək.
“Bu tədbir noyabr ayının sonunda başlayan yüksək turizm mövsümü nəzərə alınmaqla həyata keçirilir - turist axını daxil olan valyuta həcmini artıracaq və iş yerləri yaradacaq. Turistləri COVID-19 infeksiyasına qarşı bütün tədbirlərə riayət edərək tətillərinə məsuliyyətlə yanaşmağa çağırırıq”, - məlumatda deyilir.
Ölkəyə gələnlər normal immiqrasiya tələblərinə uyğunluqdan əlavə, Səhiyyə Nazirliyinin saytında “Health Pass” rəqəmsal formanı doldurmalı, Kosta-Rikaya uçuşdan ən çoxu 72 saat əvvəl verilmiş PZR testinin mənfi nəticəsini təqdim etməli və karantin və COVID-19-dan müalicə halında yaşayış xərclərini qarşılayacaq icbari turistik sığorta almalıdırlar.
Daha əvvəl “Volaris” milli aviadaşıyıcısı noyabrın 23-dən etibarən Qvatemala, Salvador, Nikaraqua, Los-Anceles, Vaşinqton, Nyu-York, Mexiko və Kankuna uçuşların bərpa olunduğunu elan edib.
Əlavə edək ki, Kosta-Rikada epidemiyanın başlanğıcından bəri ümumilikdə 91 780 nəfər koronavirusa yoluxub, 1 134 nəfər COVID-19 qurbanı olub.