İslandiya hökuməti yay turizm mövsümünə başlamaq planı üzərində çalışır.
“Report” “Forbes”ə istinadən xəbər verir ki, hazırda COVID-19 virusuna cəmi 15 aktiv yoluxma halı olduğu, son 5 gündə isə yeni yoluxmanın qeydə alınmadığı ölkə iyunun 15-dən gec olmamaq şərtilə beynəlxalq turizm səfərləri üçün açılacaq.
“Hazırlıqlar nəzərdə tutulduğu kimi getsə və koronavirusa təsdiqlənmiş yoluxma halları aşağı səviyyədə qalsa, yeni qaydaları daha tez tətbiq edə bilərik”, - ölkənin baş naziri Katrin Yakobsdottir bildirib.
Ölkəyə gələn əcnəbilər ilk olaraq COVID-19 testi keçəcəklər. Testin müsbət çıxdığı şəxslər 14 günlük karantinə qəbul ediləcək. Hazırda ölkəyə uçuşlar əsasən yerli “İceland Air” şirkəti tərəfindən Boston, London, Stokholm şəhərlərindən yerinə yetirilir.
Qeyd edək ki, 360 min əhalisi olan İslandiyada mart ayının sonundan 17 900-dən artıq insan test edilib. Müsbət çıxan halların çoxunda açıq əlamətlər sezilməyib.