Koronavirus (COVID19) pandemiyasının təsiri ilə dünya turizm sektorunun itkiləri bu ilin sonuna qədər 1,2 trilyon dollara yüksələ bilər.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilir.
Məlumata görə, bu il qlobal turizmin itkiləri qlobal ümumi daxili məhsulun (ÜDM) 1,5%- qədər olacaq. Beynəlxalq turizmdə məhdudiyyətlər 2021-ci ilin mart ayına qədər davam etsə, sektorun itkiləri 3,3 trilyon dollara (qobal ÜDM-nin 4,2%-nə) yüksələcək.
“Bu rəqəmlər tez-tez unutduğumuz turizm sektorunun əhəmiyyətini və bütün dünyada milyonlarla insan üçün həyat mənbəyi olduğunu bizə xatırladır”, - UNCTAD-ın beynəlxalq ticarət direktoru Pamela Coke-Hamilton deyib.
Bundan başqa, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bu ilin may ayında qlobal nəqliyyatda sərnişin tələbinin 91,3% azaldığını bildirib. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, qlobal turizm sektoru son 20 ildə 3 dəfə böyüyüb və bir çox ölkədə iqtisadiyyatın əsasını təşkil edir.