"Yaxın vaxtlarda Bakıda Xorvatiya Milli Turizm Şurasına aid mərkəzin açılacağı istisna olunmur".
"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Xorvatiya Milli Turizm Şurasının regional nümayəndəliyinin direktoru Rayko Rujiçka deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə Azərbaycanda müxtəlif turizm şirkətləri, dövlət qurumları və aviaşirkətlərlə danışıqlar aparılır: “İki ölkə arasında birbaşa reyslər turizm əlaqələrinin inkişafında böyük rol oynayır. Məhz bu səbəbdən biz reyslərin açılması və tədricən sayının artırılmasında da maraqlıyıq”.
Bakının regional əhəmiyyətini xüsusi vurğulayan R.Rujiçka, Xorvatiyanın turizm sektoru üçün Azərbaycanın prioritet ölkə olduğunu deyib: “Artıq bir neçə ildir Avropanın əsas turizm mərkəzlərindən biri sayılan Xorvatiya öz turizm prioritetlərini yeniləyir. Ölkə artıq fərqli regionlardan turistləri qəbul etməyi planlaşdırır. Xüsusilə bu proses Rusiya-Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb. Çünki həm Rusiya, həm də Ukraynadan gələn turistlərin sayı obyektiv səbəbdən azalıb. İndi Xorvatiyanın dövlət və özəl turizm şirkətləri məhz Azərbaycandan və Mərkəzi Asiyadan çoxlu sayda turist cəlb etmək niyyətindədir”.
Xorvatiyanın Avropanın mərkəzində yerləşən bir ölkə kimi ən cəlbedici turizm məkanı olduğunu deyən R.Rujiçka əlavə edib ki, Adriatik dənizinin sahillərində yerləşən Xorvatiyada istirahət üçün hər cür imkanlar mövcuddur.
"Təsadüfi deyil ki, əhalisinin sayı 4 milyona yaxınlaşan və 2023-cü ildə Avrozonaya daxil olan Xorvatiyaya hər il təxminən 20 milyona yaxın turist gəlir. Xorvatlar turistlərin siyahısında çoxlu sayda azərbaycanlıları da görməyi arzulayırlar”, - deyə o əlavə edib.