Azərbaycanın turizm imkanları Yaponiya bazarında yeni təşəbbüslərlə tanıdılır

Turizm
  • 12 noyabr, 2026
  • 16:00
Azərbaycanın turizm imkanları Yaponiya bazarında yeni təşəbbüslərlə tanıdılır

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişafı və işgüzar əməkdaşlığın genişləndirilməsi məqsədilə paytaxt Tokioda B2B formatlı tədbir keçirilib.

"Report" Agentliyə istinadən xəbər verir ki, tədbirdə Yaponiyanın turizm sənayesinin 49 nümayəndəsi və Azərbaycanın 4 turizm sənayesi təmsilçisi iştirak edib.

Həmçinin Azərbaycanda çəkilişləri aparılmış "VIVANT" serialı vasitəsilə ölkənin turizm imkanları, tarixi və mədəni irsi, eləcə də müxtəlif turizm istiqamətləri təqdim olunub, eləcə də serialın çəkiliş məkanlarını əhatə edən turpaketlər barədə məlumat verilib.

Proqram çərçivəsində Azərbaycan və Yaponiya turizm şirkətləri arasında ikitərəfli B2B görüşlər keçirilib. Görüşlərdə yeni turizm məhsullarının hazırlanması və kommersiya əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirdə ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid, Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov, "VIVANT" serialının prodüseri Kazutaka İida iştirak ediblər. K.İida çıxışında Azərbaycanda iki ay davam edən çəkilişlər zamanı keçirdiyi təəssüratları bölüşüb, tədbir iştirakçılarını və media nümayəndələrini ölkəmizə səfər etməyə dəvət edib.

Həmçinin Azərbaycanın mədəni irsi, dağ və qış turizmi, sağlamlıq, qastronomiya və şərab turizmi imkanları barədə məlumat verilib.

Bədii proqram çərçivəsində isə yaponiyalı incəsənət nümayəndələrinin ifasında Azərbaycan musiqisi və milli rəqsləri təqdim olunub.

2026-cı ilin yanvar-oktyabr aylarında Yaponiyadan Azərbaycana gələn ziyarətçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 % artıb. 2026-cı il iyulun 1-dən 2027-ci il iyulun 1-dək Yaponiya vətəndaşları hər səfər zamanı 30 günə qədər qalmaq şərtilə Azərbaycana üç dəfəyə qədər vizasız səfər edə bilərlər.

ATB ilə Yaponiyanın "Tokyo Broadcasting System Television, Inc." (TBS) televiziya şirkəti arasında "VIVANT" serialının ikinci mövsümü üzrə əməkdaşlıq 2025-ci ildə - çəkilişlərin planlaşdırılması mərhələsində başlayıb. Əməkdaşlıq çərçivəsində Azərbaycanda potensial çəkiliş məkanlarının müəyyənləşdirilməsi və seçilməsinə dəstək göstərilib. 2025-ci ilin avqust-oktyabr aylarında serialın çəkilişləri Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şamaxı, Qəbələ, Şəki və Qubada aparılıb. İçərişəhər, Şəki karvansarayı və ölkənin müxtəlif regionlarının təbii mənzərələri vasitəsilə Azərbaycanın tarixi-mədəni irsi və turizm potensialı Yaponiya auditoriyasına təqdim edilib.

"TBS" ilə əməkdaşlıq nəticəsində serialın rəsmi internet səhifəsində Azərbaycana həsr olunmuş xüsusi bölmə yaradılıb, televiziya proqramlarında və aktyor heyəti ilə müsahibələrdə ölkəmizdən bəhs olunub. Bununla yanaşı, Yaponiyanın "Hankyu Travel" turizm şirkəti serialın çəkiliş məkanlarını əhatə edən turlar təklif edir. 2027-ci ilin mart ayında nəşri planlaşdırılan "VIVANT" serialının rəsmi bələdçi kitabında da Azərbaycan haqqında xüsusi materialın yer alması nəzərdə tutulur.