Gələn ildən Azərbaycanda turizm subyektlərinin əmlak vergisi üzrə vergiyə cəlb olunması qaydası dəyişəcək.
“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, regional turizmin inkişaf etdirilməsi və sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) vergi təşviqlərinin verilməsi nəzərdə tutulur.
Bu məqsədlə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən daşınmaz əmlaka görə əmlak vergisinin 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 % azaldılacaq.
"Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə Vergi Məcəlləsində turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi ilə bağlı yeni dəyişikliklər edilib. Regional turizmin gəlirləri əsas etibarilə mövsümi fəaliyyət üzrə formalaşır və digər vaxtlarda bu sektor üzrə gəlirlərin səviyyəsi kəskin azalır. Turizm sektorunda yerləşmə vasitələrinin aktivlərinin dəyəri kifayət qədər böyük həcmdə olur. Bu səbəbdən əmlak vergisi sabit xərc olmaqla mövsümi fəaliyyət göstərən biznes üzərində əhəmiyyətli vergi yükü yaradır", - məlumatda deyilir.