Azərbaycanda kulinariya sahəsində strategiya sənədi hazırlanacaq

Azərbaycanda kulinariya sahəsində strategiya sənədi hazırlanacaq "Azərbaycanda kulinariya sahəsində strategiya sənədinin hazırlanması istiqamətində işlər aparılır".
Turizm
24 Oktyabr , 2022 10:29
Azərbaycanda kulinariya sahəsində strategiya sənədi hazırlanacaq
Fuad Nağıyev

"Azərbaycanda kulinariya sahəsində strategiya sənədinin hazırlanması istiqamətində işlər aparılır".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Milli Kulinariya Konqresində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, məqsəd turizm istiqamətli qastronomik məhsulların hazırlanması və təbliğatının aparılmasıdır.

"Agentliyin tabeliyindəki Milli Kulinariya Mərkəzi bu günə qədər milli mətbəx nümunələrimizin tədqiqi, qorunması və tanıdılması üçün vacib işlər görüb. Mərkəzin əsas məqsədləri ilkin olaraq kulinariya sahəsində təhsili inkişaf etdirmək, gəncləri cəlb edib onların bu sahədə fəaliyyətini stimullaşdırmaq, zəngin ənənələrimizi dünyaya çatdırmaq üçün təbliğatı artırmaq, milli mətbəx irsinin tədqiqini, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməkdir. Bu gün dünyada qastronomik turizm inkişaf edir, qastronomik turların sayı getdikcə artır. Yeni və fərqli dadlar axtarışında olan turistlər getdikləri ölkələrin mətbəx nümunələrinin dadına baxır, hətta onların hazırlanması üsulunu öyrənir. Ölkəyə gələn xarici turistlərə təqdim etməyə çoxçeşidli turizm məhsullarımız var. Azərbaycanın “Qastronomiya ölkəsi” kimi tanınması üçün böyük potensiala malikdir. Təbiətimiz zəngindir. Əlverişli iqlim şəraiti, məhsuldar torpaqlarımız təbii məhsulların həm çeşidinə, həm dadına öz təsirini göstərir. Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir. Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə milli kulinariyamız, bu sahədə olan turizm potensialı çox geniş şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunur və maraq doğurur", - deyə o, qeyd edib.

F.Nağıyev xatırladıb ki, bu ilin mayında Heydər Əliyev Fondu və Agentliyin təşkilatçılığı ilə Şuşada I Beynəlxalq Kulinariya Festivalı keçirilib: "Ali Baş Komandanın rəhbərliyi ilə igid əsgərlərimizin qəhrəmancasına azad etdiyi, Qarabağın incisi olan Şuşada belə bir festivalın təşkil olunması tarixi bir hadisə idi. Festivalda 11 ölkədən, Azərbaycanın 14 bölgəsindən olan kulinariya nümunələri nümayiş etdirildi. Qastronomiya turizmi həm regional turizm, həm də aqro və eko turizm növləri ilə ahəngdar olaraq inkişaf edir. Bu baxımdan Agentliyin dəstək verdiyi layihələrdən biri “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” - “Slow Food” pilot layihəsini qeyd etmək olar. Layihə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə etdi. Gələcəkdə digər turizm dəhlizləri üzrə də bu növ marşrutların yaradılması planlaşdırıla bilər. Regionların unudulmuş, qədim yeməklərini üzə çıxartmaq, biomüxtəlifliyini qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq baxımından bu kimi layihələr önəm kəsb edir. Həmçinin qastronomiya turizmi ölkəmiz üçün çox vacib iki sahəni - turizm və kənd təsərrüfatını birləşdirdiyi üçün regionlarda kiçik sahibkarlığın və ailə biznesinin dəstəklənməsinə, nəticə etibarilə yerli əhalinin gəlirlərinin artması və rifah halının yüksəlməsinə də töhfə verə bilər. Agentlik olaraq turizm sahəsində fəaliyyət göstərən bütün ictimai təşkilatlar kimi, kulinariya sahəsində fəaliyyət göstərən ictimai birlikləri də dəstəkləyirik. Hər zaman qeyd etdiyimiz kimi, gücümüz birliyimizdədir. Sənayenin birgə fəaliyyəti çox önəmli faktordur. Eyni hədəfə vurmaq üçün çalışmalıyıq. Agentlik bu istiqamətdə sizə hərtərəfli dəstək verməyə hər zaman hazırdır. Hesab edirik ki, bu günki konqress xüsusilə bu cəhətdən mühüm əhəmiyyət kəsb edir".

Son xəbərlər

Orphus sistemi